Azərbaycan və Türkiyə arasında martın 1-dən qüvvəyə minən preferensial, yəni güzəştli ticarət sazişində bir sıra məhsulların gömrük rüsumu ödənilmədən idxal-ixracı nəzərdə tutur. Sazişə əsasən hər iki ölkənin milli istehsalı olan 15 adda fərqli məhsulların sıfır gömrük rüsumu ilə idxal-ixracı həyata keçiriləcək.
Türkiyə tərəfi yaxın 2-3 il ərzində Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin həcminin 15 milyard dollara çatdırılacağını deyir. Sual yaranır: Türkiyənin Azərbaycana ixrac etmək üçün kifayət qədər məhsulu var, bəs, biz hansı məhsulları satacağıq ki, ticarət həcmi artsın? Sualımızı mütəxəssislərlə müzakirə etdik.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Press Klub”a açıqlamasında Türkiyə ilə siyasi və iqtisadi əlaqələrin ciddi şəkildə inkişafı və genişlənməsinə diqqət çəkdi:
“Viza rejimi də aradan qaldırıldı, yəni insanlar şəxsiyyət vəsiqəsi ilə sərbəst şəkildə gedib-gələ bilirlər. Hələ Naxçıvandan, Mehridən yol açılandan sonra bu, daha da asanlaşacaq. Ona görə də, Türkiyə tərəfinin də dediyi kimi, ticarət dövriyyəsinin 15 milyard dolllara çatdırılması üçün əsaslar yaranacaq. Biz də bu sahədə böyük işlər görürük. Bizim də ixracımız var. Qeyri-neft sektorumuzun kifayət qədər məhsulları mövcuddur. Türkiyə vasitəsilə Avropaya ixrac etdiyimiz təbii qazın və neftin həcmi də yavaş-yavaş artırılacaq. Bu rəqəmlər real rəqəmlərdir”.
İqtisadçı ekspert Eldəniz Əmirov isə “Press Klub”a şərhində xatırlatdı ki, 2020-ci il fevralın 25-də Azərbaycan və Türkiyə hökumətləri arasında Preferensial Ticarət Sazişi Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunları üzrə imzalanmışdı. Martın əvvəlində isə Türkiyə prezidenti bu sazişi təsdiqlədi:
“Bundan sonra ticarət dövriyyəsinin 15 milyard dollarlıq bir səviyyəyə çatacağı ilə bağlı səlahiyyətli şəxslərin verdiyi açıqlama çox təəccüblüdür. Hazırda kifayət qədər geniş ticarət əlaqələrinə rəğmən, illik dövriyyə 5 milyarddan azdır. Daha dəqiq desək, Türkiyə 4,4 milyard dollarlıq ticarət dövriyyəsi ilə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu göstəricinin 3 dəfədən çox artacağı, məncə, çox böyük iddiadır. Düzdür, siyasi münasibətlərin son dərəcə üst səviyyədə olması yeni iqtisadi əlaqələrin formalaşması üçün meydan yaradıb. Belə ki, Preferensial Ticarət Sazişi və digər razılaşmalar (rüsumsuz və kvotasız) yeni ticari münasibətlərin təməlini qoyur. Sözsüz ki, bütün bunlar böyük nailiyyətdir və təqdirəlayiqdir. Amma bunlar ticarət dövriyyəsinin 3 dəfə artması üçün kifayət edəcək, ya yox, bunu zaman göstərəcək. Düşünürəm ki, imzalanmış öhdəliklər və razılaşmalara tam şəkildə əməl edilə bilərsə, dövriyyənin 10 milyard dollara qədər yüksəlməsi üçün potensial yaranacaq”.
Ekspert Azərbaycanın Türkiyəyə rüsumsuz ixrac etmək hüququ əldə etdiyi məhsullar və onların həcmi barədə də danışdı:
“Bir neçə gün əvvəl Türkiyənin “Resmi Gazete”sində bu məhsullar haqqında məlumat açıqlanıb. Azərbaycanlı istehsalçılar aşağıdakı ərzaq mallarını müəyyən kvota çərçivəsində Türkiyəyə rüsumsuz ixrac etmək hüququ əldə ediblər: pendir – 100 min ton, meyvə – 39 min ton, qara çay – 300 ton, günəbaxan yağı – 5 min ton, şəkər və şəkər məhsulları – 5 min ton, kakao və kakao-yarımfabrikatlar – 1,25 min ton, meyvə və tərəvəz konservləri – 750 ton, meyvə püresi – 3 min ton, alma şirəsi – 2 min ton, şərab – 9 min dekalitr”.
E.Əmirovun sözlərinə görə, qeyd edilən bu tarif kvotaları bir təqvim ilindən sonra yenilənəcək:
“Qeyd edilənlər 2021-ci il üçün müəyyən edilən kvotadır. Növbəti il yeni tarif kvotaları elan ediləcək. Bu bildirişin dərc olunduğu tarixdən etibarən Azərbaycan istehsalıçılarının Türkiyə Ticarət Nazirliyinə müraciət etmək üçün 15 iş günü vaxtları olacaq. Azərbaycanda bu sahə üzrə istehsal həcmlərini nəzərə alsaq, verilmiş kvotaların o qədər də çox olmadığını söyləyə bilərik. Bu isə o deməkdir ki, Türkiyə bazarlarına çıxmaq üçün yerli sahibkarlar arasında ciddi mübarizə olacaq. Amma bu rəqabətin hansı formada və hansı alətlərlə aparılacağını dəqiq söyləmək çox çətindir. İlk təəssürat bundan ibarətdir ki, rəsmi elan olunduqdan dərhal sonra onlayn qaydada müraciətlər başlayacaq və kvota həcmi bitənə qədər davam edəcək. Əslində yaxşı olardı ki, bu istiqamətdə işlər haqlı rəqabətin bərqərar olması və ixracı stimullaşdıracaq alətlərin tətbiqi ilə aparılsın. Ucqar yerlərdə fəaliyyət göstərən sahibkarlar və fərdi təsərrüfat sahibləri üçün bərabər imkanlar yaradılsın. Ən azından vaxtında hər kəsin informasiya təminatını, müraciət imkanlarının bərabərliyini təmin etmək lazımdır”.