hemle

Vergi islahatları biznesin şəffaflığına necə təsir etdi? -TƏHLİL

Tarix:12-03-2021, 12:59
Baxış Sayı:334

Pandemiya şəraitində vergi daxilolmaları üzrə proqnozların icrası bu islahatların nəticələri olaraq ortaya çıxıb

Koronavirus pandemiyasının iqtisadiyyata və biznes subyektlərinə mənfi təsirlərinə, bununla əlaqədar 2020-ci ildə sahibkarlıq subyektlərinin fəaliyyətində məcburi məhdudiyyətlərin tətbiqinə baxmayaraq, Dövlət Vergi Xidmətinin xətti ilə nəzərdə tutulmuş proqnoz daxilolmalar tam həcmdə yerinə yetirildi və proqnozdan əlavə daxilolmalar 197,3 milyon manat təşkil etdi.

Pandemiya dövründə vergi daxilolmalarının tam həcmdə təmin olunması bir sıra iqtisadçı ekspertlərdə müəyyən suallar yaradıb. Resessiya şəraitində daxilolmaların azalmalı olduğu, ÜDM-in real həcminin azalması fonunda gəlirlərin və vergi ödəmələrinin də aşağı düşməli olduğu vurğulanır, eyni zamanda, daxilolmaların icrası sahibkarlardan daha çox vergi toplanması ilə əlaqələndirilir.

Hər şeydən öncə o qeyd edilməlidir ki, resessiya şəraiti daxilolmalara mənfi təsir göstərsə də, hər bir iqtisadiyyatın fərdi xüsusiyyətlərindən asılı olaraq, büdcə daxilolmaları artım nümayiş etdirə bilir. Bu region dövlətləri üçün də xarakterikdir. Məsələn, Qazaxıstanda büdcə daxilolmaları proqnozlardan artıq olub, enerji resurslarının ÜDM-də və ixracda yüksək payı olan Rusiyada isə büdcənin qeyri-xammal gəlirlərində əhəmiyyətli artım olub.

Azərbaycanda vergi daxilolmalarının artımına gətirmiş əsas səbəbləri təhlil edərkən, burada önə çıxan əsas məsələ son iki ildə biznes dövriyyənin, gəlir mənbələrinin, əmək haqqı fondunun, iş yerlərinin “ağardılması”, vergi inzibatçılığının keyfiyyətinin yüksəlməsi, ayrı-ayrı mənbə formalaşdırıcı sektorlarda müşahidə olunan artımlar diqqət çəkir.

İqtisadi fəaliyyət sahələrində vəziyyət

Proqnozdan artıq vergi daxilolması qeyri-neft sektorunun hesabına təmin edilib. Daxilolmaların artımına səbəb olan sektorlara diqqət yetirsək, görə bilərik ki, resessiya şəraitində bəzi sektorlardan vergi daxilolmaları daha çox olub. Məsələn, bunlar ticarət və qeyri-neft sənayesi sektorlarıdır. Qeyri-neft daxilolmalarında ən yüksək paya malik ticarət sektorundan daxilolmalar 16,8 %, qeyri-neft sənayesindən isə 9,2 % artıb. Topdan ticarətdə daxilolmanın artımı isə 33,3 % təşkil edir. Bu daxilolmaların formalaşmasına təsir edən əsas bu sektorlardır. Təkcə bu iki sektorun vergi daxilolmalarında xüsusi çəkisi 36 % təşkil edir. Qeyri-neft sektoru üzrə daxilolmaların 2 milyard manata yaxınını məhz bu iki sektor təmin edib.

Qeyd edək ki, pandemiya və karantin dövründə ticarət, o cümlədən pərakəndə və topdan ticarət sahələri iqtisadi fəallığı daha çox qoruyan sferalardır. Əhalinin kritik istehlak xərcləri məcmu tələbin digər komponentləri ilə müqayisədə tənəzzülə az həssas olan element olduğuna görə, ticarət sektoru (xüsusilə də, ərzaq dövriyyəsi üzrə) öz dövriyyəsini əhəmiyyətli səviyyədə qoruya bilib.

Digər tərəfdən, şaxələnmə siyasəti çərçivəsində ötən il qeyri-neft sənaye istehsalı da əhəmiyyətli dərəcədə artıb ki, bu da daxili bazarın idxaldan asılığının azaldılmasına xidmət edir. Məhz bu səbəblərdən ticarət və qeyri-neft sənayesindən vergi daxiolmalarının artımı müşahidə olunub. Üstəlik ticarət sektorunda rəqəmsal vergi inizbatçılığının tətbiqi də dövriyyəni “ağardan” əhəmiyyətli amil olub.

Bundan başqa, bank-maliyyə sektorunda 4,8 %, nəqliyyat sektorunda 18,6 %, kənd təsərrüfatı sektorunda 15,8 %, büdcənin digər sektorlar bölməsi üzrə isə 3,9 % artım qeydə alınıb. Bu sektorlar vergi daxilolmalarının 1,15 milyard manatını təmin edib.

Əsas geriləmə turizm, iaşə və tikinti sektorlarında müşahidə olunub. Bununla belə, xidmət sektoru 1,3 milyard manat, tikinti sektoru 842 milyon manat, rabitə sektoru 283 milyon manata yaxın daxilolmanı təmin edib.

Tədiyyə növləri üzrə vəziyyət

Tədiyyələr üzrə təhlillər isə göstərir ki, qeyri-neft sektorunda aksizlər iki dəfə, mənfəət vergisi 12% və fiziki şəxslərin gəlir vergisi 20,9 % artıb. Bu üç tədiyyə üzrə vergi daxilolmaları 3,1 milyard manata yaxındır və ümumi vergi yığımının 55 %-ə yaxınını təmin edir. Qeyri-neft sektorundan təkcə mənfəət vergisi üzrə 1,6 milyard manata yaxın daxilolma təmin edilib.

Aksizli məhsulların istehsalı sahəsi “kölgə iqtisadiyyatı”nın əsas mövcud olduğu sektorlardan biri idi və bu sahədə son üç ildə aparılan islahatların nəticəsi olaraq köklü “ağarma” meyilləri müşahidə olunur. Aksizli malların istehsalçıları üzrə dövriyyə 2020-ci ildə 51,0 %, vergi ödəmələri isə iki dəfədən çox artıb. 2020-ci ildə aksiz vergisi üzrə daxilolma 2017-ci illə müqayisədə 18 dəfə artıb.

Fiziki şəxslərin gəlir vergisi üzrə proqnozlaşdırılandan 21 milyon manat artıq vəsait daxil olub. Burada fərdi sahibkarların gəlir vergisi üzrə ödəmələrin həcmində müsbət dinamika müşahidə olunur. 2019-cu ildə sadələşdirilmiş vergi sahəsində islahatın aparılması, ödəyicilərin əhatə dairəsinin optimallaşdırılması gəlir vergisinin ödəyicilərinin sayının artmasına və bu tədiyyə növü üzrə daxilolmaların artımı ilə nəticələnib.

ƏDV-yə gəlincə, bu vergi növü üzrə cəmi daxilolmalar ÜDM-in azalması meyli ilə uzlaşmaqla əvvəlki illə müqayisədə bir qədər az olsa da, 2020-ci ildə qeyri-neft sektorunda ƏDV üzrə daxilolmalar proqnozdan 162,4 milyon manat artıq olub. ƏDV büdcənin əsas mənbəyi olaraq qalır və bu vərgi növündən 1,8 milyard manat daxilolma təmin edilib.

Beləliklə, sektorial analizlər göstərir ki, biznes müəyyən gərginliyə məruz qalmasına baxmayaraq, ayrı-ayrı sektorlar öz potensialını saxlaya bilib. Bunun əsas səbəbi həmin sektorlarda dövriyyənin şəffaflaşması və gəlirlərin leqallaşmasıdır ki, bu da vergi daxilolmalarının artımını labüd edir.

Vergi inzibatçılığı və “şəffaflıq indikatorları”

Bu amillərin iqtisadi proseslərə və vergi daxilolmalarına təsirini müəyyən etmək üçün vergitutma bazasının pandemiyadan əvvəlki illə, habelə 2018-ci illə müqayisə edilməlidir. Çünki, son iki ildə vergi daxilolmalarının artımasına təsir edən əsas amil biznes dövriyyənin leqallaşmasıdır ki, bu da bir çox göstəricilərdə öz sözünü deməkdədir.

Vergitutmanın əsas bazası olan ÜDM-in real həcmi azalsa da, vergi ödəyicilərinin sayının, vergi inzibatçılığının rəqəmsallaşmasının genişlənməsi şəraitində biznes dövriyyələrinin artımı əsaslıdır. Bunu sübut edən belə bir makro amilə diqqət yetirək. 2020-ci ildə qeyri-neft sahəsi üzrə vergi daxilolmalarının nominal artım tempi (3,3 %) qeyri-neft sektorunda ÜDM-in nominal artım tempini (0,8 %) 2,5 faiz bəndi üstələyib ki, bu da vergi inzibatçılığının keyfiyyətinin artmasının göstəricisidir (məlum olduğu kimi qeyri-neft ÜDM-in real həcmi azalıb, onun nominal həcminin artımı isə deflyator indeksi ilə bağlıdır).

Belə ki, qeyri-neft ÜDM-in nominal həcmi vergi daxilolmalarının nominal həcminin iqtisadi (vergitutma) bazasını təşkil edir. Əgər daxilolmaların nominal artım tempi ÜDM-in nominal artımını üstələyirsə, bunun yeganə izahı vergi inzibatçılığının keyfiyyətinin yüksəlməsi və məhz bunun nəticəsində yığım səviyyəsinin artımıdır.

İqtisadi tənəzzül dövründə büdcə gəlirlərinin dayanıqlığını təmin etmək üçün vergi inzibatçılığının təkmilləşdirilməsi və səmərəliyinin artırılması prosesi həyata keçirilib.

Pandemiya müddətində şəffaflıq mexanizmlərinin gücləndirilməsi hesabına ilin sonuna olan vergitutma bazası pandemiyadan əvvəlki dövrdə mövcud olan vergitutma bazasından təbii ki, fərqlənir. Sahibkarlara pandemiya ilə bağlı maliyyə dəstəyinin ayrılması şəffaflıq və yüksək göstəricilərə əsasən ayrılması, iş icazəsi mexanizmlərinin əmək müqaviləsi əsasında tətbiqi 2020-ci ildə biznesin öz göstəricilərini rəsmiləşdirmə səviyyəsinə müsbət təsir edib.

Bundan başqa, sahibkarlıq subyektləri pandemiya dövrünə daxil olarkən müəyyən “maliyyə yastığı”na malik olub. Son illər ərzində həyata keçirilən vergi islahatları nəticəsində sahibkarlıq subyektlərinə geniş həcmli vergi güzəştləri və azadolmalar tətbiq edilib ki, bu da onlar üçün biznes fəaliyyətlərinin gələcək inkişafını sürətləndirməyə imkan verib.

Dövlət tərəfindən göstərilən maliyyə dəstəyi və vergi güzəştləri iqtisadi fəallığı dəstəkləyib, nəticə etibarilə vergitutma bazasının qorunmasını təmin edib və tənəzzülü yumşaldıb.

2020-ci ildə aktiv vergi ödəyicilərinin sayı 24,2 %, o cümlədən aktiv ƏDV ödəyicilərinin sayının 17,4 % artması, habelə aktiv vergi obyektlərinin sayının 9 %-dək çoxalması qeyd edilməlidir. ƏDV ödəyicilərinin sayında, ümumiyyətlə, son iki ildə iki dəfəyə yaxın artım qeydə alınıb ki, bu da daxilolmaların üçdə birini formalaşdıran ƏDV ödəmələrinin həcminə müsbət təsir edir.

Həmçinin, son illər ərzində vergi inzibatçılığının elektron platformasının və infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal vergi inzibatçılığına keçidin sürətləndirilməsi tədbirləri çərçivəsində üçüncü şəxslərlə, o cümlədən dövlət orqanları, banklar, sığorta təşkilatları ilə aparılan elektron məlumat mübadiləsi genişləndirilib, yeni nəsil nəzarət mexanizmlərinin tətbiqi ilə gündəlik dövriyyələrə nəzarət təmin edilib, ölkə daxilində sahibkarlıq subyeklərinin dövriyyələrinin böyük həcmi elektron qaimələr ilə rəsmiləşdirilib və idxal-ixrac əməliyyatlarına nəzarət sistemi təkmilləşdirilib.

Vergi inzibatçılığının vergitutma bazasına təsirlərini qiymətləndirərkən, “ağarma” indikatorlarının necə işləməsinə diqqət yetirmək lazımdır.

Son bir ildə bir sıra rəqəmsal layihələrin həyata keçirilməsi, xüsusilə də ticarət obyektlərində yeni nəsil onlayn kassaların tətbiqi, “ƏDV geri al” layihəsinin işə salınması bu ticarət sektorunda rəsmiləşmə səviyyəsinin artması ilə nəticələnib. Birincisi, ticarət obyektlərinin rəsmi dövriyyəsi artıb. Əgər təkcə iri şəbəkə marketlərinin göstəricilərinə baxarıqsa, 2020-ci ilin birinci rübünun orta aylıq göstəricisi ilə müqayisədə üçüncü rübdə onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmində 29 %, dördüncü rübdə isə 37 % artım müşahidə olunub. İkinci, “ƏDV geri al” layihəsi vasitəsilə ictimai marağın təmin edilməsi hesabına rəsmiləşən kassa dövriyyəsi artıb. Bu layihənin tətbiqindən sonra təkcə istehlakçılar tərəfindən sistemə daxil edilmiş kassa çeklərinin sayı 132 milyondan yuxarıdır. Üçüncüsü, bu sistem müştəri axınlarını ƏDV ödəyicisi olan marketlərə yönəltmişdir ki, bu da rəsmiləşən istehlak dövriyyəsinin, o cümlədən ƏDV ödəyicisi kimi çalışmaq istəyən ticarət şəbəkələrinin də sayının artmasına müsbət təsir göstərir.

Digər mühüm bir “ağarma” indikatoru e-qaimə əsasında rəsmiləşən dövriyyədir. Əgər iki il öncəki vəziyyətlə müqayisə etsək, o zaman vergi orqanlarının “görə bildiyi” dövriyyə bazası indiki şəraitdə qeydə alınan dövriyyə bazasından xeyli fərqlənirdi.

Məsələn, topdan ticarət sahəsində e-qaimə üzrə dövriyyə cəmi topdan ticarət üzrə dövriyyənin 66 %-ni təşkil edirdi. 2020-ci il üzrə isə bu göstərici 84 %-ə çatıb. Bu sektorun daxilolmalarda mühüm payı olduğunu nəzərə alsaq, 28 %-dək leqallaşan bir dövriyyənin öhdəliklərə necə təsir etdiyini qiymətləndirmək olar. Xidmət sektorunda bu gün e-qaimə ilə rəsmiləşdirilən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 92 %-i ötür (iki il qabaq 70 % idi), tikinti sektorunda 93 % (iki il qabaq 84 % idi) təşkil edir.

2020-ci ildə təkcə aksizli məhsul istehsalçıları üzrə e-qaimə ilə rəsmiləşən dövriyyənin həcmi 65%-dək artıb. Ticarət sektorunda bu göstərici 5%-dək, rabitə sektorunda 17%-dək, kənd təsərrüfatında isə 24%-dən çox artıb.

Vergi sisteminin şəffaflaşmasının dolayı göstəricilərindən biri də bank müştərilərinin bank hesblarının sayının müsbət artım dinamikasıdır. Mərkəzi Bankın məlumatına görə, 2020-ci ildə müştərilərin bank hesablarının sayı 10%-dək, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı 28%-dək artıb. 2018-2020-ci illərdə isə ümumi bank hesablarının sayı 18%, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı 61%-dək, hüquqi şəxslərin bank hesablarının sayı isə 21%-dək artıb.

Sahibkarlar artıq vergi vermir

Vergi daxilolmalarının sahibkarların gələcək ödəmələri üzrə yerinə yetirilməsi ilə bağlı iddialar isə tamamilə əsassızdır. Bunun əsas göstəricisi könüllü vergi ödəmələrinin səviyyəsidir ki, 2020-ci il üzrə bu göstərici 91,3% təşkil edib. Könüllü ödəmələr vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyannamə göstəriciləri əsasında hesablanmış və ödənilmiş vergiləri əks etdirir.

Bu göstərici sahibkarların hər hansı əlavə öhdəliklərə məruz qalmadığını, daxilolmaların sırf mövcud potensial üzərindən həyata keçirildliyini göstərir.

Əmək bazarının şəffaflaşması

Əmək bazarının şəffaflaşması özünü iki mühüm indikatorda - əmək müqavilələrinin artan sayında və əmək haqqı fondunun “ağarması”nda göstərir.

2019-cu ilin əvvəlindən əmək müqavilələrinin sayı 301 mindən çox artıb, bu artımın 84%-dək hissəsi əmək haqqı islahatının tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşüb. Göründüyü kimi, iqtisadi tənəzzül şəraitində sektorda işçi sayının artması müşahidə olunub. Əmək müqavilələrinin artımı məcburi dövlət sosial sığorta ödənişlərinə müsbət təsir edir.

Eyni zamanda, əmək haqqı fondunun əhalinin gəlirlərinə nisbəti artmaqdadır. 2020-ci ildə qeyri-neft özəl sektorda bu göstərici 1,2% artıb. Buna səbəb əmək haqqı fondunun leqallaşması prosesidir. 2020-ci ildə əmək haqqı fondunun artım tempi əvvəlki ilə müqayisədə 23,5%, 2018-ci illə müqayisədə isə 56,2%-ə yaxın təşkil edib. Qeyri-neft özəl sektorda 2020-ci ildə artım göstəricisi 12,3% təşkil edib ki (2018-2020-ci illərdə toplam 45,4%), bu da əhalinin gəlirlərinin azalması fonunda baş verib.

Bu göstəricilərin əsaslı şəkildə artımı əmək bazarının şəffaflaşması üçün islahatların müsbət nəticələrini xarakterizə edir. Qeyd edilməlidir ki, resessiya şəraitində bütün bu müsbət proseslər yalnız “ağarma” effekti ilə, habelə hökumətin anti-böhran dəstəyi (muzdlu işçilərin əmək haqları üzrə ödəmələr) müqabilində işəgötürənlər tərəfindən işçi sayının azaldılmaması şərtinə əmək edilməsi ilə izah oluna bilər.

İslahatların nəticələri

Beləliklə, müvafiq göstəricilər rəsmiləşən dövriyyələrin əsaslı artımını sübut edir. Biznesin fəaliyyətində şəffaflığın təmin edilməsinə yönəlmiş vergi islahatları məhz bu məqsədləri güdürdü. Pandemiya şəraitində aparılan vergi islahatları biznesin şəffaf və rəqabətli mühitdə işləməsinin verdiyi üstünlükləri aşkar göstərdi. 2020-ci ilin vergi daxilolmaları proqnozlarının icrası mahiyyət etibarilə məhz bu islahatların nəticələri olaraq ortaya çıxıb. Əlbəttə, pandemiya olmasaydı, iqtisadi artımın və daxilolmaların daha böyük həcmdə artımı baş verə bilərdi.

Artıq 2021-ci ilin yanvar ayı üzrə göstəricilər də məlumdur və ilkin fiskal göstəricilər üzrə proqnozlar icra edilib. Biznes tədricən fəallığını bərpa etməkdədir və 2021-ci ilin ilk iki ayı əslində, postpandemiya dövrü üçün keçid mərhələsi ola bilər. Enerji bazarlarında müsbət dinamika neft sektorunda ötən il müşahidə olunan geriləməni minimallaşdırmalıdır və hasilatın aşağı düşmə templərinə baxmayaraq, bu il neft sektorunda da artım bərpa oluna bilər.

Kütləvi vaksinasiyanın başlaması ilə pandemiya nisbətən səngiməyə döğru getməlidir, qeyri-neft sektorunda da iqtisadi fəallıq tədricən bərpa olunmalıdır. Digər tərəfdən işğaldan azad edilmiş ərazilərin bərpasına başlanması əlavə iqtisadi imkanlar yaradır. Belə bir şəraitdə 2021-ci ilin dönüş ili olacağına dair optimizm artır.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ