hemle

İyirmi yeddi illik həsrətin sonu - Biz Ağdama qayıtdıq

Tarix:21-11-2020, 00:56
Baxış Sayı:1 186

Ağdam, 20 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir. Bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-nə Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub.

AZƏRTAC xəbər verir ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Bir neçə müdafiə xəttindən ibarət olunan bu istehkamlar müasir standartlar tətbiq edilməklə hazırlanıb. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.

Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.

Ağdam ərazisindəki tarixi, mədəniyyət və memarlıq abidələri erməni vandalları tərəfindən məhv edilib

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhər tipli yaşayış məskəni də hesab edilir. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqarçayı boyunca məskunlaşıblar.

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayon ərazisində 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir. Onlardan Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və sair tarixi memarlıq abidələrini göstərmək olar. Nurlanmış, işıqlı, ağ ev anlamlarını ifadə edən “Ağdam” sözü də Qarabağ xanı Pənahəli xanın ərazidə inşa etdiyi imarətdən yaranıb. Rayon ərazisindəki abidələrin əksəriyyəti işğal dövründə məhv edilib.

Ermənilər Ağdam rayonunda olan muzeyləri də məhv edib, eksponatları talayıb aparıblar. Belə muzeylərdən 2500-dən artıq eksponatı olan Ağdam tarix-diyarşünaslıq muzeyinin, 1500-dən çox eksponatı olan Çörək muzeyinin, tarzən Qurban Pirimovun xatirə muzeyinin, şəkil qalereyasının adlarını çəkmək olar.

Ağdam rayonunun təbiəti

Relyefi əsasən düzənlik, qismən dağlıq olan Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün əlverişli şərait yaradır.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Ağdamda 15 mineral xammal yatağı mövcud idi ki, bunlar əsasən yeraltı içməli su, qeyri-filiz və inşaat materialları yataqları idi. Burada Qarqarçay şirin su yataqları, Gülablı üzlük daşı, Boyəhmədli sement xammalı yatağı, Çəmənli gil, Qarqarçay və Xaçınçay qum-çınqıl yataqları böyük əhəmiyyət daşıyırdı.

Rayonun meşə fondu 4743 hektardır, işğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Ağdamda 85 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınmışdı. Bunlardan 71 ədədi Boyəhmədli kəndində idi, hündürlüyü 25 metr, yaşı isə 440 il təşkil edirdi. Rayon ərazisində ümumi sahəsi 732 ha olan Püstə meşəciyi qiymətli meşə sahələrindən idi. Nadir nəbatat obyekti olan həmin ağacların yaşı 370-400 il təşkil edirdi. Yaşı 4 əsr olan Şərq çinarı növündən olan ağaclar doğranaraq Ermənistana aparılıb. Rayonun işğal altında olan ərazilərində törədilən yanğınlar nəticəsində adları “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif fauna növləri məhv olub.

Ağdam - Qafqaz Xirosiması

1993-cü il iyulun 23-də mühüm coğrafi mövqedə yerləşən Ağdam rayonunun 125 yaşayış məntəqəsindən bir şəhər, 1 qəsəbə, 79 kəndi işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Hər şeyi məhv edən erməni vandalları qəbiristanlıqları da dağıdıb, bahalı qəbir daşlarını aparıblar. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş Qafqazın Xirosimasına çevrilmiş Ağdamın xarabalıqları qalıb.

Ağdamın yeni dövrü başlayır

“Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var”.

Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində deyib.

Ağdam rayonunun bərpasının gələcək planlarda xüsusi yer tutacağını vurğulayan Prezident deyib: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan