ATESH,AZ saytı yayımladı.
“İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan nəinki öz xislətindən əl çəkir, əksinə mütəmadi olaraq hərbi təxribatlara əl atır”.
Bunu KONKRET.az-a açıqlamasında deputat Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, işğalçı ölkə belə bir təxribata növbəti dəfə iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizə qəfil artileriya atəşi açmaqla əl atıb: “Lakin qoşunların təmas xəttində düşmənin növbəti təxribat cəhdlərinin qarşısı da Azərbaycanın Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. Döyüşlərdə itkilər versək də, qarşı tərəfə sarsıdıcı zərbələr endirilib. Düşmənin hərbi bölmələrinin dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatlar Ermənistan dövlətinin faşist mahiyyətini bir daha ortaya qoydu. Məlum olduğu kimi Ermənistanın silahlı qüvvələri 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mülki əhalidən canlı sipər kimi istifadə etməyə çalışır, digər tərəfdən isə, bizim yaşayış məntəqələrimizi, sosial infrastrukturu intensiv atəşə tutur. 76 yaşında ağsaqqal Əziz Əzizovun həlak olması, yaşayış məntəqələrində evlərin dağıdılması deyilənləri bir daha təsdiqləyir”.
Deputat açıqlamasında həmçinin son hadisələrlə bağlı Ermənistanın daha bir əməlinin puç olduğunun deyib: “Bu da Ermənistanın beynəlxalq ictimaiyyəti, o cümlədən KTMT kimi hərbi təşkilatı aldatmaq cəhdinin iflasa uğraması ilə bağlıdır. Belə ki, bir tərəfdən hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə soxulmağa, mövqelərimizi zəbt etməyə uğursuz cəhdlər göstərən, mülki əhalini, kəndlərimizi atəşə tutan Ermənistan digər tərəfdən beynəlxalq ictimaiyyətə üz tutaraq qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək istəyir. Ermənistan rəhbərliyi yenə də öz ənənəsinə sadiq qalaraq törətdiyi təxribatlara görə yalanlar uydurur, günahı növbəti dəfə Azərbaycanın üzərinə atmağa çalışır. Lakin hər zaman olduğu kimi bu dəfə də onların bu istəyi baş tutmadı. KTMT Ermənistanın yalançı göz yaşlarına inanmadı. Əksinə bəzi beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin verdikləri bəyanatlarda Ermənistana obyektiv olaraq açıq-aydın inamsızlıq və qınaq ifadə olunub”.
Vüqar İskəndərov sonda onu da deyib ki, Ermənistanın mövcud rəhbərliyinin erməni əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq üçün əl atdığı bu təxribat işğalçı ölkə üçün növbəti sarsıdıcı zərbə olmaqla yanaşı Azərbaycan Ordusunun gücünü bir daha dünyaya nümayiş etdirdi: “Bu da təbiidir. Çünki ötən dövrdə, xüsusilə də son 17 ildə müasir ordu quruculuğu Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin prioritet istiqamətlərindən birini təşkil edib.
Bu gün Azərbaycan Ordusunun arsenalında ən müasir silah-sursat var. Eyni zamanda, respublikamızda yüksək standartlara cavab verən müdafiə sənayesi qurulub. Ordumuzun təchizatının əhəmiyyətli hissəsi məhz daxili istehsal hesabına təmin edilir. Paralel şəkildə kadr hazırlığı diqqət mərkəzində saxlanılır. Düşmənin dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi növbəti təxribatın cavabını da məhz Azərbaycanın güclü ordusu verib. Prezident İlham Əliyevin bildirdiyi kimi, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi”.
ATESH,AZ