ATESH,AZ saytı yayımladı
Özünü qoru qurban olduğum!..
Mırt cəmiyyətinə dönüşürük, həm də çox sürətlə! Mütləq deyəcəm bunu.
Təkcə dövlət vətəndaş münasibətləri “çatlamayıb” ölkədə. Həm də biz öz aramızda təbəqələşmişik.
İndi də səfərbərliyə alınanlar, səfərbərlik çağırışı lağ obyekti olub.
Xəbəriniz varmı, qorxunc olmuşuq?!.
Təkcə nazir balasına deyil, müğənniyə deyil, iş adamına deyil, hətta bir çörəyi bizdən artıqdısa, qonşu Səhnə nənəyə də oliqarx deyirik, lağla baxırıq, söyürük, paxıllığını çəkirik, gözdən salırıq, linç edirik.
Durum belədir ki, kim qəstumu cırıq, pantalonu yırtıq, ağzı selikli, burnu suludusa, kim daha bərk bağırırsa, söyürsə, babat anekdot danışırsa, acından ölməsinin bir səbəbi də “ələ baxmağıdır” qüsurunu düşünmürsə, o haqlıdır, eləmi?
Əslində, bilirəm niyə belədir durum. Və ya bu nəyin qarşılığıdır. Deyirsiniz ki, ütülü qəstumlular, jele başlar, bahalı şanpan şərab içib, dədəsi Məmmədin dilinə lağ edib, bəyənməyən, urusca, firəngcə, ingiliscə danışan dar, qısa balaqlılar da bizi saymır axı.
Elə bilirsiniz onlar düzmü edir? Elə bilirsiniz sizmi düz edirsiniz?
Düz eləmirsiniz, ay qurban olduqlarım!..
Elə bir dünya yoxdur! Belə olmur! Belə ola bilməz! Belə dövləq qalmaz, Vətən işğal olunar, xalq kütləyə çevrilər!..
Çıx bu psixoloji mandrajdan, Azərbaycan! Məmurlu, vətəndaşlı, çıx!
Söyüş, mırt, rişxənd və lağ eləmək, sənə yaraşmır!
Dövlət yox, muxtariyyat etdirəcəyik özümüzü, mərhələ-mərhələ!
Xalq ola-ola, kütləyə çevriləcəyik, bu sayğısızlıq durmasa!
Özünü sənə bircə kadrda xatırladıram Azərbaycan insanı. Xəqani 33-ün yuxarı küçəsindəki qul bazarından. SƏN, qul bazarında, ot biçən alətinə dirsəklənib, qəzet oxuyan, kasıb, işsiz olsa da özünü yetişdirib, dövlət quran millətsən! Sən, axşam fəhləliklə qazandığın puldan mütləq cibində bir qəzetlik haqq saxlayan millətsən! Özünü hikkəyə, kinə, qarına qurban eləmə! Səndən başqa bu dövlətin heç kimi yoxdur! Dar gündə ona sahiblənən, yenilməyə qoymayan, vahid güc sənsən! Hər kəslə mırt tutan balalarını evində maarifləndir! Milli dəyər, milli təəssüb, milli şüur, milli qeyrət nədir bilsinlər.
Lağ, rişxənd, acizlikdir, psixoloji qüsurdur, mənəvi deqredasiya göstəricisidir.
Özünü qoru qurban olduğum, özündən muğayat ol MILLƏT!..
Jalə Mütəllimova,
ATESH,AZ