ATESH,AZsaytı yayımladı
Pandemiya iqtisadiyyatın şah damarı sayılan bank sektoruna da təsirsiz ötüşmədi. Karantin rejimi müddətində bankların fəaliyyəti tam və ya qismən məhdudlaşdırıldı. Bir sıra fəaliyyət sahələrinin bağlanması əhalinin gəlirlərini aşağı saldığı üçün kreditlərin ödənilməsində ləngimə yaşandı, banklara əmanət qəbulunda ciddi azalmalar müşahidə edildi.
Bununla yanaşı, bank əməliyyatlarının iştirakçısı kimi əmanətçilər də bu dövrdə mənfi tendensiyalardan kənarda qalmadılar. Ölkədə dörd bankın bağlanması nəticəsində əmanətçilərin əmanətlərini geri almasında çətinliklər ortaya çıxdı, çünki qanunsuz qəbul edilən 60 mln manatdan çox vəsait müvəqqəti bloklanıb.
Banklarda baş verən qanunsuz fəaliyyətlər bazar iştirakçılarını narahat etməklə ölkədə bank sisteminin etibarına zərbə kimi təzahür etdi. Son olaraq 2016-ci ildə bağlanan “Zaminbank” ASC-nin sədri Nadir İsmayılovun milyonlarla vəsaiti mənimsəməsi bu xoşagəlməz siyahını daha da genişləndirdi. Əlbəttə ki, sektorda olan bütün bu nöqsanlar pandemiyadan xeyli qabaq baş verib, sadəcə indi daha qabarıq şəkildə üzə çıxır
“Report” banklarda baş verən qanunsuzluqların səbəbləri, bunların qarşısının alınması üçün hansı addımların atılmalı olduğunu araşdırıb.
Ölkədə bir neçə dəfə bank rəhbərləri və ya bankların ayrı-ayrı məsul şəxslər tərəfindən əmanətçilərin pullarının mənimsənilməsi faktları aşkar edilib. Bir neçə gün öncə isə “Zaminbank” ASC-nin sədri Nadir İsmayılovun 20 milyon manatdan çox vəsait mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bəs bu cür halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Report”a verdiyi açıqlamada bildirib ki, banklardakı problemləri əsasən bank rəhbərləri özləri törədirlər:
“Bunun qaynağı süni, qanunsuz kreditlərin verilməsidir. Bankların problemli kreditlərinin çoxu bank rəhbərlərinin öz şirkətlərinə, yaxınlarına və ya rüşvət formasında hansısa şəxslərə verdiyi vəsaitlərdir ki, onlar geri qayıtmır. Bu vəsaitlər bankların öz pulu deyil, banka pulu etibar edən əmanətçilərin, şirkətlərin puludur. Normal bank sistemlərində belə hallar olmur, olsa da dərhal qarşısı alınır. Banklar öz pulu ilə deyil, başqalarının pulu ilə fəaliyyət göstərdiyi üçün onların üzərində nəzarətedici qurum olmalıdır. Ona görə də Mərkəzi Bank (AMB) banklara lisenziya verir və xüsusilə də, onların kredit fəaliyyətini tənzimləyən qaydalar müəyyən edir. Eyni zamanda, AMB bankların fəaliyyətinə daimi nəzarət etməlidir".
Əkrəm Həsənov
Onun sözlərinə görə, bank nəzarətini həyata keçirmək elə də çətin məsələ deyil. İstənilən banka gedib bütün kredit sənədlərinə baxsaq, asanlıqla müəyyən edə bilərik ki, hansı kreditləri bank rəhbərləri qanunsuz verib. Görəcəyik ki, bu cür kreditlər uzunmüddətli, çox böyük məbləğli, aşağı faizlə, aşağı dəyərli girovla və ya heç bir girov olmadan verilən kreditlərdir və onu götürənin də demək olar ki, biznesi yoxdur. Bunu müəyyən etmək üçün xüsusi bir bilik və ya istedad tələb olunmur. AMB nəzarətedici orqan olaraq bunu görməyə bilməz. Bu nəzarəti həyata keçirmək üçün ayrıca bir qurum yaratmaq lazım deyil. Bütün dünyada bank nəzarəti orqanı var. Sadəcə o orqan işini bilməli və dürüst olmalı, əmanətçilərin pulunun oğurlanmasına imkan verməməlidir".
Ekspert “Zaminbank” ASC-də baş verən məsələyə münasibət bildirərkən deyib: “Zaminbank" 4 il öncə müflis elan edilmişdi. Bu bank Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı əsasında bağlanmışdı. 2016-cı ilin mart ayından bank nəzarəti səlahiyyəti Palataya keçmişdi. Palata o vaxt "Zaminbank"ın lisenziyasını ləğv edəndə bəyanat vermişdi ki, bu bank həmişə təhrif olunmuş maliyyə hesabatları verib. Belə çıxır ki, həmin təhrif olunmuş hesabatlar Mərkəzi Banka təqdim olunub. Bu halda AMB müvafiq tədbirləri görməli idi.
Bütün bu problemlərin baş verməsində birbaşa bank nəzarəti orqanının da günahı var. Qanunvericilik imkan verir ki, belə hallar olmasın. Digər bankların da aqibətindən məlum oldu ki, bank rəhbərlərinin qanunsuz əməlləri olub. Amma nəzərə alaq ki, onların üzərində dövlət nəzarəti də var. AMB öz səlahiyyətlərini düzgün icra etməyib və nəticədə bank rəhbərləri külli miqdarda pul mənimsəyiblər”.