hemle

Bu ixtisaslar sıradan çıxır: bəs perspektivli sahələr hansılardır? - SİYAHI

Tarix:Bu gün, 14:09
Baxış Sayı:501




Süni intellektin və avtomatlaşdırmanın sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Artıq bir çox peşələr süni intellekt və robot texnologiyaları tərəfindən əvəzlənir. İxtisas seçimində bu amilləri nəzərə almaq tələbələrin gələcək karyerası üçün vacibdir.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də bu yaxınlardakı çıxışında bəzi ixtisasların öz aktuallığını itirdiyini, yeni ixtisasların yaradılmasına ehtiyac olduğunu bildirmişdi.

“Yalnız fiziki əməyə əsaslanan peşələr yox olacaq”

Mövzu ilə bağlı danışan təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, yalnız fiziki əməyə əsaslanan peşələrin gələcəyi yoxdur:

“O peşələr ki, innovativ deyil, təkcə fiziki əməyə və təkrarçılığa əsaslanır, onların sonu yaxınlaşıb. Çünki süni intellekt və robotlar bu cür işləri daha səmərəli şəkildə yerinə yetirə bilir. Məsələn, mühasibat sahəsində sadəcə hesablama aparan, başqa əlavə dəyər yaratmayan mütəxəssislər işlərini itirə bilərlər.

Eyni hal sadəcə mətni tərcümə edən tərcüməçilərə də aiddir. Lakin bu o demək deyil ki, süni intellekt bütün sahələri tam əvəz edəcək. Sadəcə öz sahəsində innovasiya gətirə bilməyən, fərqlənməyən insanlar üçün iş imkanları azalacaq.”

Ekspert qeyd edib ki, ixtisas seçərkən davamlı inkişaf edən sahələrə yönəlmək lazımdır: “Mühəndislik, memarlıq, kompüter mühəndisliyi kimi sahələr hər zaman inkişaf edir. Humanitar sahələrdən isə psixologiya, sosiologiya kimi insana yönəlmiş ixtisaslar müəyyən qədər önəmini qoruya bilər. Çünki texnologiya nə qədər inkişaf etsə də, insan faktorunu tam əvəz edə bilməz.”

Əmək bazarında ən çox hansı sahələr risk altındadır?

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, avtomatlaşdırma və süni intellekt bəzi peşələrin tələbatını azaldacaq, bəzilərini isə daha perspektivli edəcək:

“Beynəlxalq Əmək Təşkilatının və Dünya İqtisadi Forumunun hesabatlarına görə, 2030-cu ilə qədər avtomatlaşdırma dünya üzrə təxminən 85 milyon iş yerinin itirilməsinə səbəb olacaq. Bunun əvəzində isə 97 milyon yeni iş yeri yaradılacaq. Yəni iş yerləri yox olmayacaq, sadəcə transformasiya ediləcək. Əsas məsələ yeni bacarıqlara sahib olmaqdır.”

O, xüsusilə aşağıdakı sahələrin risk altında olduğunu vurğulayıb:

Mühasibat və maliyyə – Süni intellekt artıq maliyyə hesabatlarını analiz edir və vergi planlamasını avtomatlaşdırır.

Kassir və müştəri xidmətləri – Rəqəmsal bankçılıq və AI əsaslı çatbotlar bu sahədə çalışanların sayını azaldır.

Ənənəvi jurnalistika – Süni intellekt məqalələr yaza, xəbərləri avtomatik analiz edə bilir.

Sənaye və istehsalat – Zavodlarda insan əməyini əvəz edən robot texnologiyalarının tətbiqi genişlənir.

Hüquq məsləhətçiliyi – Süni intellekt müqavilələri analiz edə və hüquqi məsləhətlər verə bilir.

Gələcəyin perspektivli sahələri hansılardır?

Ekspertə görə, yeni dövrdə tələbat duyulan bacarıqlar fərqli olacaq: “Gələcəkdə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, bərpa olunan enerji, biotexnologiya, tibbi informatika və robototexnika sahələrində mütəxəssislərə daha çox tələbat olacaq. Məsələn, İsveç və Almaniya kimi ölkələr bərpa olunan enerji texnologiyalarına ciddi investisiyalar qoyur və bu sahədə mütəxəssislərə böyük ehtiyac var”.

Kamaran Əsədov universitetlərin əmək bazarının tələblərinə uyğunlaşmasını vacib hesab edir:

“Təkcə nəzəri biliklər kifayət etmir. Universitetlər interdisiplinar proqramlar yaratmalı, tələbələrə həm texniki, həm də sosial bacarıqlar qazandırmalıdırlar. Mühəndislik oxuyanlar biznes biliklərinə də sahib olmalı, hüquqşanaslıqda oxuyan tələbələri texnologiya hüququ sahəsində də ixtisaslaşmalıdırlar. Əks halda, əmək bazarında rəqabətə davam gətirmək çətin olacaq.”

Ekspertin fikrincə, müasir dövrdə tək bir ixtisasa sahib olmaq yetərli deyil:

“İnsanlar ömür boyu yeni bacarıqlar öyrənməli və daim yenilənməlidirlər. Artıq Google, Microsoft və Tesla kimi şirkətlər işə qəbul zamanı yalnız universitet diplomuna yox, praktiki bacarıqlara və öyrənmə qabiliyyətinə üstünlük verirlər.

Ona görə də tələbələr tənqidi düşünmə, analitik təhlil, rəqəmsal savadlılıq və adaptasiya bacarıqlarını inkişaf etdirməlidirlər. Kim bu bacarıqlara yiyələnsə, o, gələcəyin əmək bazarında uğur qazanacaq".

Digər xəbərlər
14:21 Məhərrəmlik ayı bu tarixdə başlayacaq - TƏQVİM AÇIQLANDI
14:14 Bərdədə zəhərlənənlərlə bağlı TƏBİB-dən AÇIQLAMA
14:09 Bu ixtisaslar sıradan çıxır: bəs perspektivli sahələr hansılardır? - SİYAHI
10:04 Ağsuda dərəyə aşan avtomobil alovlandı
10:02 Azərbaycanda saytlara yenidən kiberhücum oldu
09:59 Tramp MÜJDƏ VERDİ - Ukraynadakı münaqişəyə bu tarixdə son qoyulur
09:57 İran PUA-ları ilə Kiyevə BASQIN EDİLDİ
09:54 Bu gün 24 dərəcə şaxta olacaq