Avtoqəzalar hər gün baş verir deyə bu hadisə bir ailənin dərdi, ölkə üçün isə statistika ola bilərdi. Amma İmişlidə heç də sıradan olmayan yol-nəqliyyat hadisəsi və ondan sonra spontan etiraz aksiyası baş verdi. İndi bunları soyuqqanlıqla təhlil etmək də olmur.
Qəzaya düşən avtomobillərdən birinin Dövlət Yol Polisinə (DYP) məxsus olması, dörd azyaşlı uşağın məhz bu avtomobillə vurulması adamlarda yüksək emosional vəziyyət yaratmışdı. Hadisə İmişli şəhərinin giriş-çıxış yollarından birində baş verdiyindən xəbər çox sürətlə yayıldı. Deyilənə görə ora gələn adamların bəziləri həmin gün uşaqları məktəbə, imtahana, ya gəzintiyə gedən valideynlər olub. Belə vaxt dövriyyəyə “DYP hansısa maşını qovurdu”, “o maşın yüksək sürətlə hərəkət edirdi” şaiyələrinin buraxılması da kütləyə təsir etmişdi.
Hadisədən özü də zərər görmüş Ülvi adlı polis nəfəri rayon sakinləri arasında müsbət xarakterizə olunur. Yaxından tanıyanlar onun işinə qarşı diqqətli, insanlarla xoş rəftar etdiyini xüsusi vurğulayırlar. Qəzanın faciəvi nəticələri qalıb kənarda, ictimaiyyətin müəyyən kəsimi, xüsusilə sosial şəbəkə istifadəçiləri daha çox iki avtomobilin toqquşması səbəbləri ilə bağlı müzakirə aparmaqdadır. Heç şübhəsiz sağlam məqsədə xidmət etmir. Axı burada qəza baş verib, qəsd yox.
Çoxları DYP avtomobilinə zərər vuranları, qəza nəticəsində həlak olmuş uşaqların yaxınları hesab edir. Təkcə İmişlidə yox, ölkə üzrə nə qədər adam bu uşaqların şəkillərini paylaşıb, kədərini ifadə edib. Biz hamımız- məmur, sadə vətəndaş, polis, mülki şəxs olaraq o uşaqların yaxınlarıyıq və faciə hamımızın ümumi dərdidir.
İndi hamı, hətta övladı bu hadisənin qurbanı olmuş valideynlər də, etiraz aksiyasında iştirakına görə həbs olunanların bağışlanılmasını istəyir. Ümid edirik ki, dövlət onlara münasibətdə humanistlik göstərəcək.
Hər il yanvarın 20-də İmişlinin ictimai fəalları, sadə vətəndaşlar Şəhidlər Xiyabanını ziyarət etməklə yanaşı, İmişli rayon polis idarəsinin həyətinə daxil olub, Milli Qəhrəman, şəhid polisimiz İmamverdi Əliyevin büstü önünə gül dəstəsi qoyur. Bu il də belə oldu...
AZƏR