Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını davam etdirir. Bir ildən çoxdur ki, Ermənistan ərazisində yerləşib, "mülki missiya" adı altında hərbi-kəşfiyyat fəaliyyəti aparan Avropa İttifaqı (Aİ) bu istiqamətdə daha çox fərqlənir. Qərbin həyata keçirdiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsinə əngəllər yaradır, çünki bu amil Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına mane olur. Bütün bunların fonunda həm missiya nümayəndələrinin sayı artırılır, həm müddətini uzadılır. Halbuki Prezident İlham Əliyev dəfələrlə başqa ölkələrin nümayəndələrinin Azərbaycanla sərhəddə yerləşdirilməsinin sülh sazişinə əngəl törədən amil olduğunu bildirib. Lakin Ermənistanda bundan dərs çıxarmaq əvəzinə, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddəki vəziyyətin monitorinqini aparan Aİ-nin müşahidə missiyasına ehtiyac olduğunu deyir. Bu isə kövrək sülh ümidlərinə xələl gətirir.
Siyasi şərhçi Zeynal Əmrəliyev açıqlamasında bildirib ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Aİ-nin müşahidə missiyasının İrəvan üçün vacib və zəruri olması ilə bağlı verdiyi açıqlama həm Bakıya, həm Brüsselə, həm də Vaşinqtona mesajdır:
"Ermənilərin baş diplomatı Azərbaycan tərəfinə bildirmək istəyir ki, sülh müqaviləsi imzalanana və sərhəd xətti tam müəyyən edilənə qədər Aİ missiyası Ermənistanda qalacaq, sonra göndəriləcək. Yəni Aİ-nin müşahidə missiyası əbədi deyil. Ancaq bunun üçün barışıq əldə edilməlidir. Görünür ki, rəsmi İrəvan bu missiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır".
Ekspertin fikrincə, Ermənistan tərəfi çalışır ki, əksər maddələr müəyyən edilməmiş sülh müqaviləsi imzalansın, ancaq bu, qəbuledilməzdir:
"Azərbaycan öz mövqeyini dəfələrlə Ermənistan tərəfinin diqqətinə çatdırıb. İkinci mesaj Aİ-nin rəhbərliyinədir ki, missiya barışıq əldə ediləndən sonra Ermənistandan çıxarılacaq. Artıq buna heç bir ehtiyac qalmayacaq. Mirzoyan Brüsselə ismarıc göndərir ki, buna hazır olsunlar. Üçüncü bir mesaj isə ABŞ-yə idi. Məlum olduğu kimi, Donald Tramp komandasının Aİ ilə münasibətləri çox da yaxşı deyil. Paşinyan hökuməti ehtiyat edir ki, bu istiqamətdə Vaşinqton İrəvana təzyiq siyasətinə keçər. Bayden administrasiyası hakimiyyətdən getməyinə bir neçə gün qalmış tələsik Ermənistanla "strateji əməkdaşlıq" haqqında müqavilə imzaladı. İrəvan ehtiyat edir ki, Tramp bu müqaviləni pozar. Ehtimal ki, bundan sonra Paşinyan hökuməti Brüsseldən daha çox ABŞ ilə münasibətlərə xüsusi önəm verəcək".
"Bütün bunların fonunda Azərbaycanın konkret tələbləri var. Ermənistan o tələbləri qəbul etmədən sülh müqaviləsi mümkün deyil. Bu cür açıqlamalar və müşahidə missiyasının sərhəddə mövcudluğu delimitasiya siyasətinə də mane olur", - deyə ekspert əlavə edib.