hemle

Paşinyan Əliyevin iki tələbini qəbul etdi - Sülh sazişi imzalanacaqmı?

Tarix:10-01-2025, 10:03
Baxış Sayı:579

Paşinyanın Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlərə cavab kimi Azərbaycana ünvanladığı təkliflərdə hər şey erməni maraqları kontekstində əks olunsa da, İrəvanın 17 maddəlik sülh sazişi mətnində razılaşdırılmamış 2 maddədən birini və Bakının tələblərindən birini qəbul etdiyi nəticəsi ortaya çıxır.

- Beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina etmək;
- ATƏT-in Minsk qrupunu buraxmaq;

Birinci məsələ sülh sazişi mətninə daxildir, ikinci məsələ Bakının əsas tələblərindən biridir. Hərçənd, erməni baş nazir birinci məsələni “beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək” formasında təqdim etməklə mötərizə də açır: bütün iddialardan imtina edilməsi deyəndə Nikol daha çox “ərazi iddiası” kimi təqdim etməyə çalışdıqları Qərbi Azərbaycana qayıdış məsələsini nəzərdə tutur;

Lakin 17 maddədən biri – üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması (Avropa İttifaqı “müşahidə missiyası”) - açıq olaraq qalır. Nikol təkliflərində buna toxunmur, çünki İrəvan missiyanın vaxtının uzadılmasında maraqlıdır, Mirzoyanın son açıqlaması ilə bu məsələdəki mövqeyi ortaya qoydu.

“90 faiz razılaşdırılmış sülh sazişini imzalamağı” təklif edən Paşinyan bununla razılaşdırılmadan maddəni arxa plana keçirmək istəyir. Halbuki, hər şey 17 maddəlik mətndən ibarət deyil, danışıqların gündəliyi daha genişdir (Ermənistan konstitusiyasının dəyişdirilməsi, kommunikasiyanın açılması (Zəngəzur dəhlizi), demarkasiya prosesi). 17 maddəlik mətn sülh sazişinin yekun yox, ilkin variantı, yaxud belə demək mümkünsə, yekun sülh müqaviləsinə dair çərçivə sazişindən ibarət ola bilər.

Bütün bunların fonunda “2025-ci ildə sülh sazişi imzalana bilərmi” sualı aktuallaşır. İndiyə qədər danışıqların gündəliyi və atmosferini geosiyasi proseslər müəyyən edirdi, sülh sazişi mətninin 17 maddə çərçivəsinə salınması da (eləcə kommunikasiyanın sülh mətnindən çıxarılması) bunun nəticəsi idi. Bundan sonra hadisələrin inkişafının üç məqamdan asılı olacağı görünür:

1. Bu il Bakı-İrəvan danışıqlarının atmosferinin necə olacağı;
2. Sülh sazişi mətninə daxil edilməyən, amma danışıqlarda müzakirə edilən məsələlərə İrəvanın yanaşması;
3. Geosiyasi proseslərin inkişafı və regiona təsiri;

Bu üç məqamın arasında ən həlledici olan sonuncudur – geosiyasi hadisələrin inkişafı, xüsusilə Tramp Amerikasının siyasəti və bunun Cənubi Qafqaza təsirləri.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ