Oksford Universiteti tərəfindən 2024-cü ilin "ilin sözü" olaraq seçilən "brain rot" ( beyin zəifləməsi) ifadəsi beynin intellektual və ya zehni vəziyyətinin zəifləməsini təsvir edir. Bu ifadə xüsusilə sosial media və digər onlayn məzmunun həddindən artıq istehlakı nəticəsində yaranan mənfi təsirlərə işarə edir. Mütəxəssislər hesab edir ki, sosial şəbəkələrdə fasiləsiz "scrolling" (yuxarı və ya aşağı sürüşdürmək) davranışı məhz bu təsiri yaradır və beynin "çürüməsinə" səbəb olur.
Davranış üzrə neyroelm mütəxəssisi Dr. Kura Bobinet bildirir ki, sosial medianın təsirləri ilə bağlı ictimaiyyət arasında artan bir məlumatlılıq mövcuddur. O qeyd edir ki, bu asılılıq diqqət dağınıqlığı, beyin dumanı və dərin işlərə fokuslanma qabiliyyətinin itməsi ilə müşayiət olunur. Bundan əlavə, insanlar arasında yaranan tənhalıq hissi də bu problemlərin bir hissəsidir.
Dr. Bobinetin sözlərinə görə, sosial mediada fasiləsiz gəzişmək (doom-scrolling) beyində motivasiya və qərarvermə proseslərində iştirak edən habenula adlanan bir bölgə ilə bağlıdır. Bu bölgənin aktivləşməsi, insanın mühüm işləri görmək əvəzinə, vaxtını faydasız məşğuliyyətlərə sərf etməsinə səbəb ola bilər.
"Habenula, çətin işlərdən qaçma davranışını idarə edir," - deyə Bobinet əlavə edir. Uzun və yorucu bir günün sonunda sosial mediadan istifadə etmək isə beynin istirahət etmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin bu davranış nəinki beyinə fayda verir, hətta sosial media asılılığını daha da gücləndirir və motivasiyanı azaldır.
"Brain Rot"dan necə uzaqlaşmaq olar?
Dr. Kura Bobinet bildirir ki, hər kəs üçün uyğun olan vahid bir həll yolu yoxdur. İnsanların özlərinə ən yaxşı təsir edən üsulu tapması və onu fərdiləşdirərək tətbiq etməsi vacibdir.
"Kiçik dəyişikliklər edərək, sınaqdan keçirərək və təcrübələrdən öyrənərək bu vəziyyəti yaxşılaşdırmaq olar," - deyə o vurğulayır.
Yekun olaraq mütəxəssislər qeyd edir ki, bu cür vərdişlərdən qurtulmaq təkcə sağlam düşüncə üçün deyil, həm də şəxsi motivasiya və həyat keyfiyyətini artırmaq üçün mühüm rol oynayır.