hemle

Bu qüvvələr Azərbaycana qarşı “hücum”a keçdi: planlarının arxasında nə dayanır?

Tarix:Dünən, 21:57
Baxış Sayı:488



“Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) başlamasına sayılı günlər qalmış anti-Azərbaycan şəbəkənin kompleks hücum taktikasının sondan əvvəlki mərhələsinə start verilib. İndiyə qədər həyata keçirilən iyrənc total basqı əməliyyatlarının müxtəlif istiqamətlərinə şahid olduq”.

Bu sözləri Publika.az-a açıqlamasında sosial media eksperti Sənan Nəcəfov deyib.

Onun sözlərinə görə, Milli Məclisin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında da qeyd olunduğu kimi, böyük hibrid təhdid kampaniyası 4 mərhələdə həyata keçirilib:

“İlk mərhələ “neft şirkətinin rəhbərinin COP29 Konfransına rəhbəri təyin olunması” manipulyasiyası ilə başlandı. Halbuki, COP29-un prezidenti 5 ilə yaxın müddət idi ki, Azərbaycanın ekologiya naziri idi və o, SOCAR-da da ekoloji məsələlər üzrə vitse-prezident vəzifəsində çalışmışdı. Növbəti mərhələdə təşkilat komitəsində gender balansının pozulması iddiası qaldırıldı. Bu iddianın da müddəti heç bir həftə də çəkmədi. Hazırda Təşkilat Komitəsinin üzvləri arasında gender balansı az qala tam bərabər bölünüb.

Üçüncü mərhələdə qalıq yanacaq (kömür, neft, qaz) ehtiyatları olan ölkədə ekoloji tədbirin keçirilməsinin absurdluğu barədə məsələ qaldırıldı. Bu da ən zəif arqumentlərdən biri idi ki, elə Qərb mediasındakı yazılarla təkzib olundu. Bəllidir ki, 1994-cü ildən bəri keçirilən bu konfranslar 2-3 ölkəni çıxmaq şərtilə məhz qalıq yanacaq hasil edən ölkələrdə keçirilib. Nəhayət, sonuncu mərhələ, həmişə “işlək”, qüvvədə olan, lakin əsasız və şantaj dolu “insan hüquqları” mövzusu dövriyyə buraxıldı və nə təəssüf ki, manipulyativ və şantaj dolu bu ittiham dalğası hələ davam etməkdədir”.

Ekspert qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda böyük beynəlxalq tədbir öncəsi Qərbin şantaj mexanizminin işə düşməsinin biz bir neçə dəfə şahidi olmuşuq:

“2012-ci ildə “Avroviziya-2012” musiqi yarışmasına, 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1" yarışlarına, ev sahibliyi edən Azərbaycan bu cür təzyiq və təhdidlərlə üzləşib. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə bəyanatında söylənildiyi kimi, dünya miqyaslı mötəbər iqlim tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulundan ötən bir ilə yaxın müddətdə ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların geniş vüsət alması, COP29-un “sabotaj edilməsi” cəhdləri ölkə ictimaiyyəti üçün heç də yenilik deyil. Rəsmi Bakının müstəqil siyasət yürütməsi, xarici təzyiqləri inamla dəf etməsi, ölkənin milli maraqlarını bütün məsələlərdə üstün tutması ilə barışa bilməyən müəyyən qüvvələr, bir qayda olaraq, qlobal beynəlxalq tədbirlər ərəfəsində anti-Azərbaycan kampaniyasını genişləndirirlər”.

Sənan Nəcəfov anti-Azərbaycan şəbəkənin hücum taktikalarını təhlil edib:

1) Prosesə tanınmış beynəlxalq hüquq müdafiə təşkilatları "Freedom House", "Human Rights Watch", “Amnesty International”, “Demokratiyanın İnkişafı Fondu” (NED) və İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq kimi təşkilatların son addımları bir daha göstərir ki, Azərbaycana qarşı aparılan kampaniya planlı, sistemli, koordinasiya olunmuş prosesdir və müxtəlif vasitələrlə həyata keçirilir. Bu təşkilatların rəhbərliyində erməni millətindən olan şəxslərin üstünlük təşkil etməsi, habelə donorları arasında erməni lobbisinin təsiri altında olan qurumları bir tərəfə qoyub, onların hazırladıqları birtərəfli, qərəzli hesabatları, bəyanatları izləmək yetərlidir ki, bu şantaj mexanizminin necə işlədiyinin şahidi olaq. Təsəvvür edin ki, təkcə "Freedom House", "Human Rights Watch", “Amnesty International”ın son bir ildə öz saytlarında Azərbaycan əleyhinə paylaşdıqları məqalə və materialların sayı 200-ü keçib. Yalnız bu 3 təşkilatın saytında “Azərbaycan” sözünü axtarışa verib bunu təsdiqləmək mümkündür. Heç uzağa getməyək. "Freedom House"un erməni millətçisi Şeyla Paylan tərəfindən "Newsweek"də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsini xatırlayaq. Bu qədər sadə, açıq və şantaj metodu.

2) Müxtəlif dövlətlərin parlamentlərində Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını tələb edən qanunvericilik təşəbbüsləri irəli sürüldü, Azərbaycanla iqtisadi əlaqələrin kəsilməsi haqda fikirlər səsləndi. ABŞ Konqresinin hər iki palatasında dinləmələrin keçirilməsi, 10 senator və Nümayəndələr palatasının 48 üzvünün terrorçuları “siyasi məhbus” adlandıraraq ABŞ-ın dövlət katibi Entoni Blinkendən Prezident İlham Əliyevə müxtəlif cinayətlərdə ittiham olunan həmin şəxslərin sərbəst buraxılması üçün təzyiq etməsini istəmələri, Avropa Parlamentinin (oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə), Niderland parlamentinin (oktyabrın 10-da Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli 2 qətnamə qəbul edilib), Kanada XİN-in (Kanadanın xarici işlər naziri Melani Coli iddia edir ki, Azərbaycan saxlanılan “erməni məhbusları” azadlığa “buraxmalıdır”, Ermənistanın ərazi bütövlüyünə “hörmətlə” yanaşmalıdır) qərəzli qətnamələri buna misaldır.

3) Fərdlərin “nüfuz”undan yararlanmağa çalışıldı. Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində Sədrin birinci müavini Natali Luazo (bu qadın son vaxtlarda yazdığı bütün tvitlərə “COP29 biabırçılıqdır, rüsvayçılıqdır” sözlərini əlavə edir) , Almaniya Bundestaqının üzvü, AŞPA-da təmsilçisi Frenk Şvabe, BCM-in ilk prokuroru Luis Moreno Okampo ( bu müddətdə böyük hücum taktikasının kiçik vintləri olsalar da, azından könül bulandırmağı, erməni lobbisinin təsiri altında bütün ləyaqətsizliyə gedə biləcəklərini açıq nümayiş etdirdilər. Təbii ki, bunların fəaliyyətinin ardında, fonda Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFJD) və Aİ-Ermənistan Dostluq Qrupunun rəhbəri, mafioz Kaspar Karampetyanın silueti və murdar siması görünməkdədir. “EU Reporter” və CBC-nin araşdırmasını xatırlayaq: “Ermənistan uzun illərdir ki, Avropa ölkələrinin hökumətyönlü dairələrində və strukturlarında anti-Azərbaycan motivli lobbiçilik fəaliyyəti həyata keçirir. Azərbaycana qarşı nifrət yaymaqla məşğul olan erməni lobbiçiləri brilyant qaçaqmalçısı, mafioz Kaspar Karampetyan tərəfindən idarə olunur”.

4) Azərbaycana qarşı sosial mediada total kiber-təhdid, onlayn hücum, həştəq, petisiya kampaniyası aparıldı.

Əvvəlcə onu qeyd edək ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə bəyanatında bildirilirdi ki, “X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb. Bu hesabların sayı isə hədsiz çoxdur.

Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno Okampo iyul ayında ermənilərə açıq məktub yazaraq onları COP29-a qədər səylərini birləşdirməyə, mediada və sosial şəbəkələrdə Bakıda saxlanılan separatçı erməni terrorçulara dəstək kampaniyası başlamağa çağırırdı. Həmin müraciətdə sosial şəbəkələrdə materiallar dərc edərkən müxtəlif həştəqlərdən istifadə etmək xüsusi vurğulanır, həştəqlərin adları göstərilirdi".

Ekspert vurğulayıb ki, hazırda Azərbaycan əleyhinə aparılan bu kampaniyada konfransın əsas həştəqi olan #COP29-la yanaşı Okampnonun təklif etdiyi həştəqlər də istifadə olunur:

“#StopGreenwashGenocide, #FreeArmenianHostages, #FreePoliticalPrisoners və sair. Burada bir haşiyə çıxaq. #StopGreenwash həştəq özündə qlobal ekoloji konfransdan, yaşıl hərəkatdan gizli, qara işlərin örtülməsi, bəd əməllərin yuyulması məqsədilə istifadə olunmaması ehtiva edilir. Yəni Azərbaycan bu konfransa ev sahibliyi etməklə yaşıl hərəkatdan erməni terrorçularını layiqli cəzalarını almaları üçün ali hüququn verdiyi imkanlardan istifadə edir, özü neft ölkəsi olaraq saxta ekoloji tədbir keçirir və s. Bu məqamda, yəni bu həştəqlə bağlı kampaniya aparılarkən Əli Kərimlinin “The Economist”-də bu mövzuda yazısı çıxır. Özünü bloqler kimi aparan bu siyasətçi heç utanmadan, heç çəkinmədən həmin həştəqin izahında verilən fikirləri təkrarlayır və bildirir ki, Azərbaycan ekoloji konfransdan öz xeyrinə, nüfuzunun təmizlənməsi üçün istifadə edir. Xəyanətin, erməni şəbəkəsində olmağın başqa forması varsa, desinlər bilək”.

Azərbaycana qarşı nüfuzlu media orqanlarında məqalələr, müsahibələr, analitik yazılar dərc olunduğunu da bildirən Nəcəfov anti-Azərbaycan şəbəkənin hücum taktikalarının digər versiyalarını da açıqlayıb. Onun sözlərinə görə, bu kampaniyanın necə aparılması ilə bağlı bütün müddəaları “The Washington Post” qəzetində dərc olunan məqalədə görmək olar:

“Məqalənin ümumi məzmunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi konfransının Azərbaycanda keçirilməməsinə çağırışdan ibarətdir. Amma məqalədə qlobal istiləşmə, iqlim dəyişikliyi kimi məsələlərə cəmi bir-iki cümlə yer ayrılıb.

ABŞ-ın bu populyar qəzetində yazılanların mətni əsasən Azərbaycanın “hücum”una məruz qalmış ermənilərin yazıq, əzabkeş obrazının yaradılmasına, Qarabağdakı keçmiş separatçı rejimin həbs olunmuş rəhbərlərinin müdafiəsinə həsr olunub. Elə ilk cümlələrdən məqalənin müəllifinin sanki erməni olduğu təəssüratı yaranır. Ən azı, bu mövzunun erməni təbliğat maşınının tərkib hissəsi olduğunu görməmək mümkün deyil.

“The Washington Post” qeyd edir ki, ABŞ Konqresinin 60 üzvü dövlət katibi Entoni Blinkenə məktub göndərərək onu Azərbaycanda etnik ermənilər də daxil olmaqla, bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb. Məqalə müəllifi Qarabağda qondarma rejimin ləğvini, ermənilərin həmin ərazidən köçməsini Azərbaycanda insan hüquqlarının “pozulması”nın sübutu kimi təqdim edir.

“Azərbaycan silahlı qüvvələri ötən il Dağlıq Qarabağı “işğal” edərək, onun etnik erməni əhalisini köçürüb, onun hüquqi, siyasi və mülki institutlarını sıradan çıxarıb. Azərbaycanlıların hücumundan əvvəl Qarabağda dövlət vəzifəsini tutan rus-erməni milyarder Ruben Vardanyan da daxil olmaqla, Ermənistanın ən azı 23 tanınmış siyasi xadimi hələ də Azərbaycan həbsxanalarında saxlanılır. Vardanyanın ailəsi deyir ki, o, uzun müddət təkadamlıq kamerada saxlanma şəraitinin pis olmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Bu qədər sadə və hərtərəfli etirafa nadir hallarda rast gəlinir ki, onu da anti-Azərbaycan şəbəkəsinin əsas media ruporu digər həmfikirlərinin adından bəlli edib”.

S. Nəcəfov son olaraq bu kampaniyada diqqətdən qaçmayan digər 2 vacib detala da toxunub:

“Bunlardan biri xaricdəki bütün proseslərin əsas mühərriki Amerika Ermənilərinin Milli Konqresi (ANCA) və bu işə böyük miqdarda pul hesabına cəlb olunan “Edelman” PR şirkətidir. ANCA-nın fəaliyyəti haqda qısaca onu deyək ki, son 1 ildə bu təşkilat COP29-la bağlı 4 saxta sayt, 3 həştəq, 10-dan çox petisiya hazırlayıb. “Edelman” şirkəti isə Ruben Vardanyanın oğlu David Vardanyanın və “Moderna” şirkətinin prezidenti, Vardnyanın biznes ortağı Nubar Afeyanın sifarişi ilə bu kampaniyaya qoşulub. ”Edelman” “FreePoliticalPrisoners” saytının və eyniadlı həştəqin yaradıcısıdır”.

Digər xəbərlər
21:57 Bu qüvvələr Azərbaycana qarşı “hücum”a keçdi: planlarının arxasında nə dayanır?
21:56 Ülgüc məftillər, tələlər: Türkiyə-İran sərhədində nə baş verir?
21:53 Bakıda metro onlar üçün pulsuzdur - Bu gündən etibarən...
21:51 Yolu “28 May”a düşənlərə şad xəbər: Sabahdan...
21:50 TDT liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək
17:47 "Azəriqaz" İB gücləndirilmiş iş rejimində çalışır
09:41 Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini bəyan edib
09:36 Çinin "ÖLÜM ULDUZU" - Yeni silah görün nələrə qadirdir