hemle

Qonşularımız müəllimlərin müdafiəsinə qalxdı: Azərbaycanda da gündəmə gəldi

Tarix:16-10-2024, 09:18
Baxış Sayı:557



Vaxtilə ən dəyərli şəxsiyyət sayılan, nüfuz sahibi olan varlıqlar bu gün demək olar ki, gözdən salınıblar. Artıq onların barəsində cəmiyyət tərəfindən tez-tez təhqiramiz ifadələr eşidilir, sərt davranışlar müşahidə edirik. Haqlı-haqsız cəzalandırılır, hətta üzr videoları da yayılır.

Söhbət bütün ömrünü öyrətmək, tərbiyə vermək, insan yetişdirməklə keçirən müəllimlərdən gedir.

Məktəblərdə şagird-müəllim münasibətləri biabırçı həddə çatıb. Şagirdlər müəllimə qarşı tərbiyəsiz hərəkətlər edir. Heç bir müəllimin ixtiyarı yoxdur ki, onlara “gözünün üstə qaşın var” desin. Dərhal digər şagirdlər telefonu əlinə alır, baş verənləri çəkib sosial şəbəkələrdə paylaşır. Sosial şəbəkə “qəhrəmanları” da həmin müəllimləri ağ yuyub, qara sərirlər. Nəticədə müəllim ya töhmət alır, ya da işindən azad edilir. Cəmiyyətdəki nüfuzunu da günbəgün itirir. Ancaq heç kim araşdırmır ki, müəllim niyə bu addımı atıb, şagird onu hansı həddə çatdırıb ki, belə hallar yaşanıb?

Sən demə müəllimlərin bu cür nüfuzdan salınması təkcə Azərbaycanda deyilmiş. Qonşumuz olan Türkiyə və Rusiyada da vəziyyət ürəkaçan deyil. Müəllimlər vəzifə səlahiyyətlərindən istifadə edə bilmədiklərindən şikayətçidirlər. Onlar bildirib ki, bütün qanunlar valideyn və tələbələrin (şagirdlərin) tərəfindədir. Hər hansı bir problem yaşandıqda isə tək qalırlar.

Bu durumdan narahat olan Rusiya Dövlət Duması müəllimlərin şərəf və ləyaqətinin alçaldılmasının qarşısını almaq məqsədilə inzibati məsuliyyət nəzərdə tutan qanun layihəsi hazırlayır və cərimələr tətbiq olunacaq. Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası tərəfindən qəbul edilən qanuna görə isə müəllimlərin şərəf və ləyaqətini təhqir edən şəxslər 4,5 aydan 3 ilədək azadlıqdan məhrum ediləcək.

Maraqlıdır, müəllimlərin bu qədər nüfuzdan düşməsinə kimlər və nələr səbəb oldu? Bütün bu halların qarşısının alınması üçün Azərbaycanda da qanun layihəsi hazırlana, hansısa cərimələr tətbiq edilə bilərmi?

Mövzu ilə bağLı danışan millət vəkili Ceyhun Məmmədov bildirdi ki, belə bir addımın atılması təqdirəlayiqdir.

“Bu gün müəllimlərlə bağlı proses dünyanın hər yerində var. Əksər hallarda biz müəllimlərin qınanıldığını və təhqirə məruz qaldığını görürük. Hamı bütün günahı müəllimlərdə görməyə çalışır. Ona görə də, hesab edirəm ki, belə bir qərar çox önəmlidir və Azərbaycanda da qəbul edilməlidir. Biz hər zaman çıxışlarımızda da deyirik ki, müəllimin nüfuzunu qorumalıyıq. Müəllim adını uca tutmalı və bu adın zədələnməsinə imkanı verməməliyik. Heç kimin haqqı yoxdur ki, müəllimə qarşı bu cür addım atsın və müəllimi təhqir etsin. Əsgər müəllimin cəzası varsa, onu müvafiq icra hakimiyyəti cəzalandıra bilər. Başqa heç bir cəza olmamalıdır. Bu gün biz müəllimlərimizə qarşı olan hörmətsizliyə son qoymalıyıq. Valideynlər də tez-tez müəllimlərə hücum edir, onları təhqir edirlər və hörmətsiz davranırlar.

Deyə bilərik ki, bir sıra hallarda əsasən hamı müəllimə yüklənir və onu günahkar görür. Ona görə də, bu cür halların qarşısının alınması baxımından bu kimi qərarlar olduqca vacib və önəmlidir. Bu, müəllimin nüfuzunun qorunmasına və ona qarşı olan haqsızlığa da son qoymaq baxımından xüsusi önəm və əhəmiyyət daşıyır.

Rusiyada bu qərarlar elə belə qəbul olunmayıb. Çünki Rusiya cəmiyyətində də buna bənzər proseslər gedir. Onlar bilirlər ki, müəllim cəmiyyətin əsas sütunlarından, dayaqlarından biridir və müəllimin nüfuzu qorunmalıdır. Ona görə də, belə addımlar atılır. Biz də bu reallığı nəzərə almalıyıq”.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə isə qanun layihəsinin hazırlanmasına elə də ehtiyac yoxdur:

“Ümumiyyətlə, müəllim nüfuzunun qorunması bütün dövrlərdə ən önəmli məsələlərdən biri olub. Təxminən 30-40 il, hətta ondan da əvvəl cəmiyyət həmişə müəllimin tərəfindən dururdu. Valideynlər deyirdi ki, “uşağımı döy, ancaq öyrət”. Məktəbdə baş verən istənilən neqativ hadisələr, məsələn, şagird döyülməsi kimin hallar olanda dövlət üstünlüyü müəllimə verirdi və müəllimin tərəfində dururdu. Sonralar informasiya və kommunikasiya texnologiyaları inkişaf etdi, təhsil maddiləşdi, təhsildə pul rol oynamağa başladı, repetitorluq tüğyan etdi və sair. Maddiyyat ortaya çıxandan sonra müəllimim nüfuzu da aşağı düşdü. Yəni müəllim bir dövrlər yalnız və yalnız dövlətin verdiyi əməkhaqqının hesabına yüksək səviyyədə dərs keçirdi. Müəllimdə emosiya var idi, müəllim tərbiyə də bilirdi. Hazırda müəllimlər tərbiyə funksiyasını da öz üzərindən atıblar”.

Təhsil eksperti onu da əlavə etdi ki, bütün bu baş verənlərə baxmayaraq cəmiyyət yenə də müəllimin tərəfində durmalıdır:

“Müəllim də bir insandır, onun da emosiyası var, onun da emosiyasının, əsəbinin sərhədi var. Mən düşünürəm ki, cəmiyyət həmişə müəllimin qeydinə qalmalıdır. Amma hazırda bu, bir az çətin məsələdir. Çünki müəllim nüfuzunun aşağı düşmə prosesi uzun müddətdir davam edir. Onların nüfuzunun qorunması üçün hər hansı bir addım atılmır. Bu istiqamətdə çalışmaq lazımdır. Çünki bu halda ən ciddi zərbə məktəbə, orta təhsil sisteminə dəyir. Orta təhsil sisteminin məzmununu, valideyn-müəllim sistemini, idarəetmə sistemini bilməyən şəxslərin məktəblərə rəhbər təyin edilməsi acınacaqlı haldır. Belə şəxsləri ancaq maddiyyat düşündürür və nəticədə də öz müəllimlərinə yuxarıdan aşağı baxdılar. İlk növbədə məktəb rəhbərləri müəllimi nüfuzdan saldılar. Bu da çox ciddi bir haldır. Sizə maraqlı bir misal çəkmək istəyirəm. Rus akademiklərinin birindən soruşurlar ki, “siz repetitor yanına gedirdinizmi?” Cavab verir ki, “yox, repetitor mənim atamın kəməri idi”. Bu da maraqlı bir faktdir. Yəni istənilən halda çağırış var idi ki, uşaqları öyrətmək lazımdır. İndi bunlar hamısı sıradan çıxıb, uşaqlar məktəbə getmir, məktəbə getmirsə və valideyn övladı vasitəsilə kurs pulunu göndərirsə, onda hansı müəllim nüfuzundan danışmaq olar?”

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı