hemle

Türkiyəli həkimdən xəbərdarlıq: Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?

Tarix:1-10-2024, 10:03
Baxış Sayı:476



Gecələr güclənən və ağrıkəsicilərlə keçməyən sümük ağrıları uzun müddət davam edirsə, bu, sümük şişinin əlaməti ola bilər.

Bu barədə türkiyəli həkim, ortopediya və travmatologiya üzrə mütəxəssis Ömer Yonga danışıb və mühüm açıqlamalar verib.

Onun sözlərinə görə, sümük şişləri, tez-tez rast gəlinməməsinə baxmayaraq, uşaqlıq, yetkinlik, gənclik və qocalıq da daxil olmaqla, bütün yaşlarda müxtəlif formalarda özünü göstərə bilər. Ən vacib məqamlardan birinin erkən diaqnoz olduğunu xatırladan mütəxəssis qeyd edib ki, xəstəliyin gizli şəkildə irəliləməsi və simptomların müxtəlif problemlərlə oxşarlığı səbəbindən diaqnoz bəzən gec qoyula bilir. Ona görə də, sümük şişlərinin səbəbləri və simptomları haqqında məlumatlı olmaq əhəmiyyət kəsb edir.

Ömer Yonga sümük və yumşaq toxuma şişlərinin görülmə nisbətinin yaşa görə dəyişdiyini deyib.

"Sümük şişləri sümük toxumasında meydana gələn anormal hüceyrə böyümələridir. Bu şişlər hüceyrələrin nəzarətsiz şəkildə çoxalması nəticəsində yaranır, xoşxassəli və ya bədxassəli ola bilir. Bu şişlərin müalicəsi ortopediyanın qolu olan ortopedik onkologiya tərəfindən həyata keçirilir. Ümumiyyətlə, sümük şişləri dörd əsas başlıq altında araşdırılır: xoşxassəli, bədxassəli, metastatik şişlər və şişə bənzər lezyonlar. Xoşxassəli sümük şişləri daha çox uşaqlıq dövründə müşahidə olunduğu halda, bədxassəli sümük şişlərinə, xüsusilə metastatik olanlara 40 yaşdan sonra tez-tez rast gəlinir", - deyə o qeyd edib.

Həkimin sözlərinə görə, sümük şişi ilə müraciət edən xəstələrdə ən çox görülən simptomlar ağrı, şişlik və patoloji qırıqlar şəklində olur və ağrı şişin növünə görə fərqli ola bilir.

"Xoşxassəli şişlərdə ağrı daha yüngül xarakter daşıyır və ağrıkəsicilərə daha tez cavab verir. Həmçinin aydın şəkildə lokallaşdırıla bilməyəcək tərzdədir. Bədxassəli şişlərdə isə ağrılar daha kəskin və dərin olur. Xüsusilə gecələr ortaya çıxan bu ağrılar ağrıkəsicilərə cavab verməyə bilər. Xəstələrdə müşahidə edilən başqa bir simptom da lokallaşdırılmış şişkinliklərdir.

Bununla yanaşı, bəzən xəstənin heç bir şikayəti olmasa belə, məsələn, ayaq biləyinin əzilməsi kimi başqa bir səbəbdən çəkilmiş rentgen müayinəsi zamanı təsadüfən şiş aşkarlana bilir. Ona görə də, xəstələrin şikayətlərinə diqqət yetirmələri və vaxt itirmədən mütəxəssisə müraciət etmələri çox vacibdir", - deyə Ömer Yonga vurğulayıb.

Onun sözlərinə görə, bu gün tibbdə inkişaf edən texnologiya və üsullar sayəsində ortopedik onkologiyada müsbət cavab almaq mümkündür, lakin xəstələrin də ayıq-sayıq olması lazımdır.

"Yumşaq toxuma şişləri adətən gözlə görünən əlamətlərə malik olsa da, sümük şişləri ilkin mərhələdə adətən gözlə görünən əlamətlər göstərmir. Bu səbəblə xəstələr unutmamalıdırlar ki, qol və ayaq ağrıları heç də hər zaman dayaq-hərəkət aparatının zədələnməsi ilə əlaqədar olmaya bilər. Yadda saxlamaq lazımdır ki, xüsusilə gecələr şiddəti artan və ağrıkəsicilərə cavab verməyən, uzun müddət davam edən ağrılar varsa, bu, sümük şişinin əlaməti ola bilər. Ona görə də, vaxt itirmədən həkimə müraciət etmək lazımdır", - deyə mütəxəssis əlavə edib.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ