Alimlər qida məhsullarının qablaşdırılması və ya hazırlanma proseslərində istifadə edilən 3600-dən çox kimyəvi maddənin insan orqanizmində aşkar edildiyini açıqlayıb.
Sürixdə yerləşən Qida Qablaşdırma Forumu Fondunun nümayəndəsi, professor Birgit Geueke bu kimyəvi maddələrdən təxminən 100-nün insan sağlamlığı üçün yüksək risk yaratdığını bildirib.
Məlum olan zərərli kimyəvi maddələrdən “PFAS” və “bisfenol A” qadağan edilmək üzrədir. Bu kimyəvi maddələrə həmçinin hormonları pozan təsirləri olan ftalatlar və daha az tanınmış oliqomerlər də daxildir.
Geueke qida qablaşdırmasında istifadə edilən bəzi kimyəvi maddələrin qida ilə insan orqanizminə necə keçdiyi ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıb.
Tədqiqat “Journal of Exposure Science and Environmental Epidemiology” jurnalında dərc olunub.