"SOCAR PETROLEUM" QSC-nin strateji inkişaf planına uyğun olaraq, 2022-ci ilin ikinci yarısından etibarən ölkəmizin müxtəlif bölgələrində 17 "SOCAR" brendli stasionar və modul tipli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib, həmçinin Bakı şəhərində QSC-nin xidmət şəbəkəsinə daxil olan stansiyaların sayı aktiv şəkildə artırılıb. Bu xüsusda, Bakının Nərimanov rayonunda növbəti YDS fəaliyyətə başlayıb.
Koroğlu Rəhimov küçəsi 65 ünvanında yerləşən YDS-nin açılış mərasimində "SOCAR PETROLEUM" QSC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb, həmçinin yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.
"Aİ-92", "Aİ-95" Premium, "Aİ-98" SUPER və "Dizel" markalı yanacaq məhsulların satışının həyata keçiriləcəyi YDS-də 6 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla yanaşı, YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz olunub və gələcəkdə elektroşarj avadanlığının quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, yeni YDS-nin istifadəyə verilməsii ilə 20 yeni iş yeri yaradılıb. Hazırda fəaliyyətə başlayan YDS ilə birlikdə 8-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olmaqla, ümumilikdə ölkə ərazisində "SOCAR" brendli 62 YDS və 13 neft bazası sahəsi fəaliyyət göstərir.