Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, İnger Anderson COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, ölkəmiz qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcək. O vurğulayıb ki, Azərbaycanda keçiriləcək COP29 çox vacibdir. Belə ki, burada iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsinin həqiqətən də ölkəmizin iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsi olduğunu deyən qonaq "Troyka" mexanizminin yaradılmasını çox vacib bir addım kimi dəyərləndirdi və bu müdrik qərara görə təbriklərini çatdırıb.
İnger Anderson əlavə edib ki, dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir. O deyib ki, buna görə də neft və qaz ixrac edən ölkələrin tənqid olunması cəhdləri ədalətli deyil və şəxsən bunu ədalətli hesab etmir. Qonaq vurğulayıb ki, dünyada hər bir insanın bu cür enerji formasına ehtiyacı var.
Azərbaycanın yaşıl iqlim və yaşıl keçid nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirdiyini vurğulayan İnger Anderson metan öhdəliyi, dekarbonizasiya, neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların önəmli olduğunu qeyd edib.
Azərbaycanda milli səviyyədə ətraf mühit istiqamətində həyata keçirilən tədbirləri çox təqdir edərək buna görə təbriklərini çatdıran qonaq xüsusilə rəqəmsal əsaslı və "ağıllı kənd təsərrüfatı" konsepsiyasının inkişaf etdirilməsi, tullantıların idarə edilməsi, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə ölkəmizdə həyata keçirilən tədbirləri, Azərbaycanda bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini yüksək qiymətləndirib.
İnger Anderson ölkəmizə səfəri çərçivəsində ətraf mühit sahəsində fəaliyyət göstərən gənclər təşkilatı - IDEA-nın ətraf mühit könüllüləri və gəncləri ilə görüşdüyünü, Şirvan milli qoruğunda olduğunu məmnunluqla qeyd edib.
Rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini bildirən qonaq 2026-cı il iyunun 5-də Dünya Ətraf Mühit Günü münasibətilə UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit Gününün keçiriləcəyini və bunun da qlobal miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən biri olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlıq edən Prezident İlham Əliyev UNEP ilə Azərbaycan arasında əməkdaşlıqdan, İnger Andersonun regionlarımıza səfər edərək oradakı ekomühitlə tanış olmasından və gənclərlə görüşündən məmnunluğunu bildirib.
Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl enerjiyə keçid sahəsində planlarına toxunan dövlətimizin başçısı deyib ki, bu, siyasi iradəmizin olduğunu göstərir.
Prezident İlham Əliyev 200-ə yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyini yekdilliklə dəstəkləməsini ölkəmizə olan etimadın göstəricisi kimi dəyərləndirib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz Qlobal Cənubu təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək.
Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz kiçik ada dövlətlərinin problemlərini prioritet istiqamətlərdən biri kimi müəyyən edib və "Troyka" çərçivəsində digər həmkarlarla bu məsələ ilə bağlı da yaxından işləyir.
Azərbaycanın özünün də iqlim dəyişikliyi problemlərindən əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, bir dövrdə Azərbaycanda quraqlıq halları, yağıntının miqdarının azalması baş verirdisə, son dövrlərdə yağıntının miqdarının artdığı müşahidə olunmaqdadır.
Söhbət zamanı tullantıların idarə olunması, Xəzər dənizinin ətraf mühit məsələləri, onun suyunun azalması və bu istiqamətdə daha sistemli işin, həmçinin əməkdaşlığın həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
11:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.