Fransanın paytaxtı Parisdə Barlier qalereyasında azərbaycanlı rəssamların əsərləri nümayiş olunub.
Tarixi Yelisey çölləri yaxınlığında yerləşən Barlier qalereyasında baş tutan “Müasir İncəsənət” sərgisində azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Mehriban Şamsadinskaya və Safranda Abdullayevanın yağlı boya ilə kətan üzərində ərsəyə gətirdiyi əl işləri yer alıb.
Əsərlərdə Azərbaycanı əks etdirən milli atributlar və milli mədəni irsimizdən nümunələr əks olunub.
Azərbaycanlı rəssam Mehriban Şamsadinskayanın "Dörd gün, bir gecə" seriyasından olan əl işlərində fenomenal hadisələr və insan emosiyaları öz əksini tapıb.
Mehriban Şamsadinskayanın "Qəfəsdə tənhalıq" adlı fotosu 2010-cu ildə beynəlxalq onlayn sərgidə "Ən yaxşı texniki üsul" nominasiyası üzrə mükafata layiq görülüb. Rəssamın Xocalı faciəsinə həsr olunmuş əsəri İstiqlal Muzeyinə təqdim olunub.
Sərgi 17 iyuna kimi davam edəcək.