Baku TV-də yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib.
Bu dəfə Egey dənizi sahilində yerləşən, bənzərsiz mənzərəsi, qayalar üzərində mavi damları və ağappaq evləri ilə məşhur olan Yunanıstanın Santorini adasından bəhs olunub.
Buraya gələn hər kəs mütləq ağ, mavi evlərin fonunda şəkil çəkdirməli və Santorini səfərini dünyaya bəyan etməlidir. Yerli əhali doğma adaları haqqında deyir ki, burada sudan çox şərab, insandan çox uzunqulaq, evdən çox kilsə var.
Santorinini gəzdikcə bunun nə dərəcədə doğru olduğunu müşahidə etmək olar. Əhalisi 16 min nəfərdir. Göstəricilərə görə, hər il buraya 1 milyon turist gəlir. Santorinidə kafedə qidalanmaq evdə yemək bişirməkdən ucuz başa gəlir. Səbəb isə odur ki, marketlərdəki qidalar başqa ərazilərdən gətirildiyindən çox məsrəflidir. Restoranlar isə yerli fermerlərlə işləyirlər.
Santorini Yunanıstanın ən varlı adası hesab olunur. Maaşlar 1 000 avro civarındadır. Bu da bizim pulla 1 845 manat edir. Minimum əməkhaqqı isə 560 avro, yəni 1 033 manatdır. Santorini əhalisi vergilərdən şikayət edir. Burada avtomobilin, qayığın, hətta uzunqulağın varsa, mütləq vergi ödəməlisən. Çünki bunların hamısı nəqliyyat vasitəsidir. Adada yer o qədər azdır ki, dünyasını dəyişənləri həmişəlik basdırmırlar.
Əgər vəfat edən tanınmış insandırsa, o zaman yeddi il müddətində məzarda yata bilər. Burada elə bütün Yunanıstanda olduğu kimi məzarı sanki pulla kirayə verirlər və məzarın sakinləri vaxtaşırı dəyişirlər. Adətən bir neçə ildən sonra qalıqların məzarda qalması üçün yenidən pul ödəmək lazım olur. Buna imkanı olmayanlar yaxınlarının nəşini götürüb böyük şəhərlərdən kənarda basdırırlar.
Ətraflı süjetdə:[media=]