Araşdırmaçı: “Başlıbel faciəsindən bir neçə gün sonra iki ailənin bütün üzvləri mühasirədə qalıblar” - VİDEO
Tarix:18-04-2024, 21:45
Baxış Sayı:570
Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə soyqırımı cinayətləri törədilib. Bənzər vəhşiliklərdən biri 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində yaşanıb.
Bu gün həmin faciədən 31 il ötür.
Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib, 19 nəfər kənd sakini girov götürülüb.
Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahov Baku TV-yə müsahibəsində bildirib ki, 1993-cü ilin aprelində Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu işğal edərkən yollar bağlanıldığından 62 nəfər kəndi tərk edə bilməyib.
Onlar ermənilərin ətraf kəndləri işğal etməyindən gec xəbər tutaraq mühasirədə qalıblar. Murova doğru hərəkət etməklə vəziyyətdən çıxmağa çalışsalar da, heç biri xilas ola bilməyiblər, qətlə yetirilib və ya girov götürülüblər. Müəllifin sözlərinə görə, ermənilər Başlıbelə növbəti hücum zamanı kənddən 3 kilometr məsafədə yerləşən Portta kahaları adlanan yerdə müşahidə aparıb, sığınacaqların yerini müəyyənləşdirərək əliyalın insanlara iriçaplı silahlardan atəş açıblar:
“Nəticədə təkcə aprelin 18-dən 19-na keçən gecə həmin ərazidə 12 nəfər qətlə yetirilmiş, 14 nəfər girov götürülmüş, altı nəfər isə yaralanmışdır”. Başlıbel sakini onu da əlavə edib ki, faciədən bir neçə gün sonra iki ailənin bütün üzvləri mühasirədə qalıblar və onlardan bir neçə nəfər itkin düşüb.