hemle

Taksilərlə bağlı yeni tələblər qiymət artımına səbəb olacaq? - Ekspert izah edir

Tarix:28-03-2024, 20:54
Baxış Sayı:280

Taksilərlə bağlı yeni tələblər qiymət artımına səbəb olacaq? - Ekspert izah edir

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

Təsdiqlənən tələblərdə taksi minik avtomobilləri ilə bağlı müəyyən məsələlər var ki, həm taksi sürücülərində, həm də sərnişinlərdə suallar yaradıb.

Oxu.Az yaranan sualları nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevə ünvanlayıb.

Ekspert qeyd edib ki, taksi fəaliyyəti sahəsində uzun sürən problemlər, çətinliklər və anarxiyadan sonra artıq deyə bilərik ki, bu sahədə islahatlara start verilib. Ümid edirəm ki, bu islahatlar ciddi mənada dəyişikliklər yaradacaq.

- Sizcə, bu tələblər cəmiyyətdə necə qarşılanacaq?

- Bu gün Nazirlər Kabinetinin imzaladığı qərara əsasən həm taksi fəaliyyəti sahəsində, həm də digər müntəzəm sərnişin daşımaları sahəsində müəyyən tələblər ortaya qoyulub. Təbii ki hər zaman islahatlar aparıldığı zaman bu islahatların nəticəsindən razı qalan və qalmayanlar olur.

Təbii ki, taksi istifadəçiləri burada tətbiq edilən qaydalar və tələblərdən razı qalacaqlar, çünki taksi kimi istifadə olunacaq nəqliyyat vasitələrinin keyfiyyəti yüksələcək. Özü-özlüyündə bu tələblər və onların 2024-cü il iyul ayının birindən qüvvəyə minməsi isə taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və ya fiziki şəxslər üçün əlbəttə ki, müəyyən çətinliklər yaradacaq.

- Nə kimi çətinlikləri nəzərdə tutursunuz?

- Çətinliklər o olacaq ki, məsələn, tələblərə əsasən taksi avtomobilləri yalnız ağ və ya qırmızı rəngdə olmalıdır, minimum “Avro-5” standartına cavab verməlidir, istehsal tarixi 15 ildən çox olmamalıdır. Bu tələbatın hazırda taksi fəaliyyəti göstərən əksər nəqliyyat vasitələrində mövcud olmaması sirr deyil. Bu isə o deməkdir ki, yenidən taksi fəaliyyəti ilə məşğul olmaq üçün istər fiziki sahibkarlar, istər taksi şirkətləri, qısa müddət ərzində bu tələblərə cavab verən avtomobilə sahib olmaq üçün mövcud avtomobillərini ya satmalıdırlar, ya dəyişdirməlidirlər, ya rəngləməlidirlər və s. Bu da müəyyən xərclər yaradacaq.

- Bu xərclərin qarşılığında taksi istifadəçiləri nə ilə qarşılaşacaqlar?

- Komfort və əlbəttə ki, qiymət artımı. Həmin bu xərclər qarşılığında taksi daşımalarının qiymətində düşünürəm ki, ciddi artım olacaq. Qiymət artımı qaçılmaz olsa da, hər bir halda keyfiyyətli xidmətin şahidi olacağıq. Çünki bütün bu tələblər vətəndaşlar, onların təhlükəsizliyi və rahatlığı üçündür.

- Yasin müəllim, sizcə, taksi rəngi niyə məhz ağ və qırmızı seçilib?

- Xüsusi bir səbəb görmürəm. Hesab edirəm ki, taksi fəaliyyəti göstərən avtomobillər mütləq şəkildə digər avtomobillərdən seçilməlidir. Yəni vətəndaş gözünü qıyıb baxmamalıdır ki, gələn taksidir, yoxsa başqa nəqliyyat vasitəsidir. Onların üzərindəki, qapısındakı şahmat işarəsi də, taksi yazısı da vətəndaşın rahat seçə biləcəyi şəkildə olmalıdır. Adətən taksilər sarı rəngdə olurdu, mən də arzulayardım ki, sarı rəngdə olsun, çünki dünyanın əksər ölkələrində taksi rəngi məhz sarıdır, amma indi ağ və qırmızı nəzərdə tutulub, düşünürəm ki, bu da şəhərə bir gözəllik verəcək.

- Sizcə, “Badımcan” taksiləri də rəngləyəcəklər, ya onlar istisna olacaq?

- “Badımcan” taksi deyəndə London taksilərini nəzərdə tutursunuz yəqin. Onların əksəriyyəti dövriyyədən çıxıb, yeni gətirilənlər də qırmızı rəngdə olduğu üçün işini davam etdirəcək.

- Bu tələblərə cavab verməyənlər iyulun 2-dən doğrudan işləyə bilməyəcəklər?

- Bu haqda dəqiq nəsə deyə bilmərəm, təbii. Ola bilər ki, o müddət bir az uzadılsın. Gedişata baxılacaq çox güman. Ola bilsin ki, onun icrasına müəyyən güzəştlər tətbiq olunsun. Tam bir şey deyə bilmərəm. Zənnimcə, çatdıra bilməyəcəklər. Çünki bu qədər taksinin çoxu köhnədir, başqa rəngdədir. Bütün avtomobillərin rənglənməsi də real görünmür. Çünki istənilən avtomobilə rəng dəydikdə onun dəyəri aşağı düşür.

- POS-terminalların quraşdırılmasında güzəşt ola bilərmi, yoxsa onlar da məhz iyulun 1-dən mütləq quraşdırılmalıdır?

- Hesab edirəm ki, POS-terminalla bağlı da bəzi güzəştlər tətbiq ediləcək. Düşünürəm ki, o pos-terminallar hansı bankın olacaqsa, ola bilsin ki, həmin banklar tərəfindən təqdim olunsun və ya müəyyən güzəştlərlə verilsin. Ehtimaldır, təbii. Ola da bilər, olmaya da bilər, amma bu faktor da, bayaq qeyd etdiyim kimi qiymətlərə təsir göstərəcək.

Əzizə İsmayılova

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...