hemle

Ölkəmizin, bəzən isə Şərqin baş tacı olan "İLK" Azərbaycan qadınları, tanıyın! - ARAŞDIRMA

Tarix:8-03-2024, 18:37
Baxış Sayı:69

Ölkəmizin, bəzən isə Şərqin baş tacı olan "İLK" Azərbaycan qadınları, tanıyın! - ARAŞDIRMA

Bu gün dünya beynəlxalq qadınlar gününü qeyd edir. Dünyanın mədəni, siyasi, iqtisadi və s. simasında dəyişiklik etmiş, intibah dövrünə gözəllik qatmış qadınlarına təşəkkür edir.

Elə isə biz niyə Azərbaycan qadınlarına təşəkkür etməyək? Onların əməyini, dəyərini xatırlamayaq. Onda... Başladıq:


1. Tarixin ilk qadın hökmdarı, döyüşdə qalib gələn ilk hökmüdar qadın, sərkərdə - Dünya oğuz türkü qadınını hələ eramızdan əvvəl tanıdı. Əhəməni dövlətinin banisi II Kirin (e.ə. 550–530) başını kəsən Hazırkı Beyləqan rayonu ərazisində Arazın sahilində yerləşən massaget və sakların dövləti olan Massaget çarlığının çariçası, qadın sərkərdə Tomris bəşər tarixində döyüşçü – sərkərdə qadın olub.

Öz düşmənini məğlub edib, başını kəsən ilk qadın dövlət başçısı olub. Bu möhtəşəm qadın haqqıda e.ə. V əsrdən başlayaraq Herodot, Ktesi, Beros, Strabon, Arrian, Polien, Diodor, Ammian Marsellin və digər yazarlar əsərlər yazmışdı.


2. Azərbaycanın və Şərqin dövlətçilik tarixində ilk xanım diplomat - Sara Xatun Ağqoyunlu hökmdarı Uzun Həsənin anasıdır. Tarixi mənbələr dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatunu böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi kimi xarakterizə edir.


Sara Xatunun fəaliyyətində, onun sultan II Mehmedlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir. Sara xatundan sonra bu titulu Baharlı dövlətinin (Qaraqoyunlu) başçılarından biri olan Cahanşahın həyat yoldaşı Canbəyim xatun qazanır.


3. İlk şair qadın - Adı poeziyamızın qadın günəşi hesab edilən, əslən tacik olub, gəncədə doğulub elə burda yaşayaraq həyatına vida edən Məhsəti Gəncəvi (Mənisə xatın), ilk məşhur orta əsr şairəsi, ilk şahmatçı qadın və çox ehtimal ki, şərqdə ilk qadın bəstəkardır.

4. Rus işğalçılarına qarşı döyüşən qadın - Qaçaq Gülsüm! Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı.

Bolşeviklər ilk zamanlar Gülsümə toxunmurlar. Lakin ermənilər Gülsümə göz verib işıq verimilər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə, əlinə silah alan Gülsüm milislərin dördünü də yerindəcə güllələyir. Onu həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir.

Bu xəbər Bağırova çatanda Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, lakin mütləq rəhbərə xəbər göndərir ki, onu şəxsən tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Oğlunu da kolxoz sədri qoysunlar. Çünki o qadın onun ən yaxın dostudur. Bu zaman Mikoyan Stalinə deyir ki, axı qadın qatildir, 300-dən çox erməni öldürüb. Stalin bunu eşidib hirslə deyir ki, çətin günlərdə 7 ay bu qadının çörəyini yeyib, himayəsində olub. Belə dost bütün hər şeydən dəyərlidir.


5. ilk qadın dramaturq- Səkinə Axundzadə (1865-1927) milli teatr sənətinin inkişafında özünəməxsus xidmətlər göstərmiş, bütövlükdə müsəlman Şərqində dram və nəsr əsərləri yazan ilk azərbaycanlı qadın yazıçı tək tarixdə iz qoymuşdur.

O "Elmin bəhrəsi" pyesi, "Gəlin və qayınana" komediyası, "Bəxtsiz bala", "Zülmün səmərəsi" adlı dramları və s. əsərləri ilə adını belə tarixə yazdırdı.


6. İlk aktrisa – Tiflisdə 1906-cı ildə səhnəyə çıxan teatrımızın ilk xanım aktrisası Gövhər Qazıyeva teatr tarixində "Göyərçin xanım" adıyla xatırlanır. Gövhər Qazıyeva o dövrün məşhur iranlı aktyor və rejissoru Mir Seyfəddin Kirmanşahlının təhriki ilə İrana gedir və həmişəlik bu ölkədə qalır.

Ilk kino aktrisamız isə İzzət Orucova olub.


7. İlk peşəkar qadın müğənni - ilk opera aktrisası, teatr xadimi Şövkət Məmmədova olur.. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O, təhsilini Tiflis musiqi məktəbində davam etdirir.

Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir bəy Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parça ifa edir.


8.İlk ali təhsilli qadın - İlk ali təhsilli azərbaycanlı qadın Nigar Şıxlinskaya olub. Nigar Şıxlinskaya 1871-ci ildə Tiflisdə anadan olub. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) N.Şıxlinskaya rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. O həm də ilk azərbaycanlı şəfqət bacısı kimi tarixə düşüb. O, Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir.

O, vaxt Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşıbmış ki, ora "Şıxlinski xəstəxanası" deyirlərmiş. Bundan əlavə Nigar Şıxlinskaya 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Sonrakı illərdə Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti"nin banisi olur. O, həmçinin məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.

9.ilk qadın bəstəkar - Ağabacı Rzayeva Peşəkar musiqi təhsili və zəngin ifaçılıq təcrübəsi ilə Azərbaycanın və Şərqin ilk bəstəkar qadını olur.“Evimizə gəlin gəlir”, “Kuklam”, "Ey pəri"... kimi ürəkləri fəth edən, bu gün də dillər əzbəri olan nəğmələri ilə yüzlərlə qız-gəlinin, ananın ürəyində özünə yuva qurub....

10. İlk qadın rəssam - Qeysər Kaşıyeva ilk azərbaycanlı rəssam qadındır. Q. Kaşıyeva sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907–1908) yiyələnmişdir. O dövrün tanınmış rəssamları sayılan R. Zommer və O. Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir.

Bununla bərabər bəzi araşdırmaçılar düşünür ki,. Reyhan xanım Topçubaşovanın rəssamlıq təhsili Qeysər xanımın təhsilindən daha keçərlidir. Çünki Reyhan xanım 1933-cü ildə imtahan verərək görkəmli Xalq rəssamı Əzim Əzimzadənin rəhbərlik etdiyi Rəssamlıq Texnikumunun 3-cü kursuna daxil olur, texnikumu 1935-ci ilin iyun ayında əla qiymətlərlə başa vurur. Amma Q. Kaşıyeva Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907–1908) yiyələnib.Yəni, studiya ilə texnikumu müqayisə etdikdə xanım Topçubaşova ilk rəssamlıq təhsili almış rəssam hesab olunur.


11. ilk qadın təyyarəçi, aviasiya mayoru - Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi qadın Leyla Məmmədbəyova 1930-cu ildən başlayan sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirir.

Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olub (Nina Kamnevadan sonra).

1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir. Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı isə ümümən altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilmədi.


12. Müharibəyə döyüş təyyarəsi ilə qatılan ilk qadın pilot - Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur.

Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Seyidməmmədova 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu.


13. İlk snayperi qadın - Ziba Qəniyeva İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı.[1] İkinci Dünya müharibəsindı o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib.

14. İlk qadın naziri - Tahirə Tahirova 1959-1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri və Nazirlər Soveti sədrinin müavini kimi çalışır. Nazir işlədiyi dönəmdə Tahirə xanım iti ağlı, mədəni-siyasi davranışı, ünsiyyət bacarığı və s. bu kimi şəxsi keyfiyyətləri ilə istər ölkəyə gələn xarici qonaqların, istərsə də özü xarici səfərlərdə olarkən həmkarlarının və siyasi xadimlərin rəğbətini qazana bilir.

Heç şübhəsiz ki, bütün bunlar nazir xanımdan gərgin zəhmət, yuxusuz gecələr, əsl diplomat səriştəsi, məsuliyyət, ən əsası isə səbr, dözüm və iradə tələb edirdi.


15. ilk qadın mexanizator – Sevil Qazıyeva Azərbaycan tarixində ilk qadın mexanizatorudur. Zaqatalalı Sevil bir neçə rəfiqəsi ilə birgə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibinə məktub yazıb, ondan Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edir. Sevil Qazıyevanın və rəfiqələrinin bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır.

Sevil və rəfiqələri bu kursda sürücü-mexanik peşəsinin sirlərini öyrənməyə başlayırlar. Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbini bitirəndən sonra Sevil Qazıyeva könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedir.Gənc yaşında faciəli şəkildə həlak olsa da o “mexanizator qadın”sənətinin Azərbaycanda bazasını yaradıb.

16. İlk qadın kimya alimi - Akademik (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi İzzət Orucova təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında neft texnologiyası üzrə elmlər doktoru dərəcəsi almış ilk qadındır.

Eyni zamanda Azərbaycanın ilk milli kinoaktrisası olub.


17.ilk ali təhsilli həkim qadını - İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı ı Sona Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirib və Azərbaycanda ilk ali təhsilli həkim qadın olur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.

Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunub. S. Vəlixan tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olub..


18. ilk qadın heykəltəraş - Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anası Zivər Məmmədova -ilk azərbaycanlı heykəltaraş qadındır . Zivər xanım 1909-cu ildə təhsil almaq üçün “Müqəddəs Nina” qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur.

Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə - Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib. Yeri gəlmişkən ilk monumentalçı qadın heykəltaraş isə Şuşalı əməkdar rəssam Münəvvər Rzayeva olub.

20. İlk peşəkar qadın teatr rejissoru – 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuş Gülcahan Güləhmədova-Martınova Azərbaycan teatr və televiziya rejissoru, Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, professor olub.

18 yaşında ikən leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurduğu üçün onun soyadını da qəbul edir.

21. İlk qadın jurnalist və tənqidçi - Fədakar maarifpərvər qadın Şəfiqə Əfəndizadə Güney Qafqazda ilk Azərbaycan dili müəllimi, ilk Azərbaycan qadın jurnalisti və publisisti olub. Müəllim kimi fəaliiyət göstərməsinə baxmayaraqonun jurnalistikaya böyük marağı olub. Şəfiqə Əfəndizadənin ilk qadın jurnalist kimi fəaliyyətə başlamasının isə maraqlı bir tarixçəsi var. Bir gün Şəfiqə xanım “Dəbistan” dərgisi ilə tanış olur.

Elə həmin vaxtdan da Şəfiqə xanımın və tələbələrinin “Dəbistan” dərgisi ilə əməkdaşlığı başlayır. Qeyd etmək lazımdır ki, hələ bu dərgiyə qədər ilk məqaləsini “Şərqi-rus” qəzetində dərc etdirən Şəfiqə Əfəndizadə adını milli mətbuatımızın tarixinə ilk qadın jurnalist kimi yazmışdı. “Dəbistan” jurnalı isə onun qələminin püxtələşməsində son dərəcə önəmli rol oynayıb.

22- İlk qadın Xalq şairi - XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq şairi fəxri adı verilib.

Həmçinin Əzizə Cəfərzadə də ilk Xalq yazışısı adına layiq görülüb.

23. İlk balerina - Azərbaycanın və Şərqin ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ Xalq Artisti Qəmər Almaszadə səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib.

Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb.

24. İlk diktor- gənc aktrisa Nəcibə Məlikova televiziyada İlk veriliş günü ekranda çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açıb.

25. İlk neftçi - 1932-ci ildə Zaqafqaziya Sənaye Akademiyasını bitirib mühəndis diplomu almış Firuzə Kərimova demişdi:
Elə günlər var ki, onu yaddan çıxartmaq olmaz, onlardan biri qara çadranı atan gün idi, digəri neft komandiri, təşkilatçı mühəndis diplomu alan gün!

Beləki , o "Balaxanıneft" Neft Qazma İdarəsinə rəhbərlik edəndən sonra neft sahəsində 77 qadın işə düzəlir. Minirə Məmmədbəyli isə ilk neftçi –geoloq kimi yaddaşlarda qalıb.

26. İlk qadın şəhid jurnalist - Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın yeganə şəhid xanım jurnalistidir.

27. İlk şəhid həkim və Milli qəhrəman - Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmiş ixtisasca həkim Gültəkin Əsgərova həm ilk Azərbaycanın Milli Qəhrəmanı , həm də ilk həkim şəhiddir.

28. ilk gəmi kapitanı- 21 yaşında Azərbaycanın ilk qadın gəmi kapitanı Zərifə Ləzgizadə deyib ki, orta məktəbi bitirib gəldim Bakı Dəniz Texnikumuna. İmtahan verib, qəbul oldum. Kapitanlıq fakültəsində dörd il oxudum.

1940-cı ildə texnikumu bitirdim. Əvvəl Bakı Bağırov Teploxodunda şturman, sonra isə uzaq məsafələrə üzən sərnişin gəmisində kapitan oldum.

Əziz oxucularımız, bu gün hər bir sahədə ilk olan fəximiz sayılan qadınların hamısının adını qeyd etməyə çalışdıq. Ola bilər ki, yadımızdan çıxan , unutduğumuz imzalar var. Onları da məqaləmizə əlavə etmək üçün bizə kömək edin. İLK olan hansı Azərbaycan qadınını tanıyırsınız? Bizə yazın!
Azərbaycan adına ucalıq gətirən, Azərbaycan kişisinin başını uca edən bütün qadınların bayramı mübarək olsun!

Bu maraqlı məqaləni də sizı sevgi ilə çatdıran Vətən Müharibəsinin yeganə qadın jurnalisti Əntiqə Rəşid

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...