Ekspert: “Erkən yaşda nişan edənlər də hüquqi məsuliyyət daşımalıdır”
“2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. 2021-ci illə müqayisədə 361 nəfər artım olub”. APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. O deyib ki, ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.
Taliyə İbrahimova həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib: “Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb.
Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur".
Taliyə İbrahimova deyib ki, nikah yaşının istisna hallarda 17-yə salınması məsələsi bəzən sui-istifadəyə gətirib çıxarır. Onun sözlərinə görə, bununla bağlı statistika ürəkaçan deyil: “Eyni zamanda 15-17 yaşlı qızların dünyaya gətirdiyi körpələrin sayında 2022-ci ildə artım müşahidə edilib. Bunlar da onu göstərir ki, maarifləndirmə strategiyası erkən nikahların qarşısının alınmasında o qədər də müsbət nəticə vermir. Bu sahədə qanunvericiliyə dəyişikliklərin edilməsi zəruridir. İl ərzində Dövlət Komitəsi 30-40 erkən nikah halının qarşısını alır. Ümumilikdə isə 2022-ci ildə 300-ə yaxın erkən nikahın qarşısı alınıb”.
Vüqar İskəndərov
Milli Məclisin deputatı Vüqar İskəndərov nikah yaşının 17-yə salınması təklifi ilə razılaşmadığını bildirib. Jurnalistlərə açıqlamasında erkən nikahların qarşısının alınması məsələsində qanunların daha sərt olmasının vacibliyini vurğulayıb: "Nikah yaşının 17-yə salınması təklifi ilə razı deyiləm. Fikrimcə, qanunlar bu sahədə daha yaxşı işləməlidir. Təbii ki, Milli Məclisin üzərinə də vəzifə düşür. Yəqin ki, gələcəkdə qanunlara yenidən baxmalıyıq. Erkən nikahların qarşısının alınması məsələsində qanunlar daha sərt olmalıdır".
Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. Qanunvericiliyə əsasən, həm oğlanlar, həm də qızlar 18 yaşı tamam olduqda rəsmi nikaha daxil ola bilərlər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə, nikahlar etibarsız sayılır.
Lakin Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanlarının xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.
Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulub: “Bu konvensiyadan irəli gələn öhdəlikləri yerinə yetirir. Ümumiyyətlə, Azərbaycanda nikah yaşı beynəlxalq konvensiyalara uyğun olaraq 18 yaş müəyyən edilib. 2011-ci ilə qədər vəziyyət başqa idi. Onda nikah yaşı 17 olduğuna görə bəzən erkən nikahla bağlı statistika daha çox qeydə alınırdı. 2011-ci ildə artıq nikah yaşı 18-ə qaldırıldıqdan sonra erkən nikahlarla bağlı statistika təqribən 50 faiz enməyə başladı. Ancaq bu gün hələ də 17 yaş nikah üçün istisna yaş həddi kimi qeyd olunur və bundan da həm yerli icra strukturları, həm uşaqlarını erkən nikaha cəlb edən valideynlər sui-istifadə edirlər. Yəni 17 yaş - istisna yaş həddindən sui-istifadə edirlər. Bu istisna halda qeyd olunur ki, valideynlərin bir və ya hər ikisi ağır xəstə olarsa, nikah yaşı ertələnir. Əgər tərəflər xaricə gedirsə, nikah yaşı ertələnə bilər. Bütün bunlar hamısı yerli icra strukturlarına və valideynlərə nikah yaşının aşağı salınması üçün imkan yaradır. Əlbəttə, bu amillər də Azərbaycanda erkən nikahların statistikasına təsir göstərir. Azərbaycanda erkən nikah statistikasında dinamika hiss olunur, xüsusilə də bölgələrdə bu açıq görünür. Çünki regionlarda valideynlərin əksəriyyəti elə düşünür ki, qızı nə qədər tez ərə versələr, problemləri azalmış olacaq. Əsl problem bundan sonra başlayır. Çünki erkən nikaha daxil olmuş qız ali təhsildən yayındırılır, ekstremal vəziyyətlərə hazır olmur. Bunlar boşandıqda özləri müstəqil şəkildə ayaq üstə dura bilmirlər, ali təhsilləri olmadığına görə müvafiq iş tapa bilmirlər. Bu səbəbdən də insan alveri qurbanına çevrilirlər. Eyni zamanda erkən nikaha cəlb olunmuş qızlar arasında ana ölümlərinin sayı daha çox olur. Bunun fəsadlarını, əlbəttə, valideynlər görməzdən gəlirlər. Bunun həm də demoqrafik səbəbləri var. Regionlarda demoqrafik vəziyyət fərqlidir. Belə ki, gənc oğlanlar iş üçün paytaxta və digər ölkələrə üz tuturlar. Qızlar ali təhsil ala bilmədiklərinə görə rayonlarda qalır, təsərrüfat işlərinə cəlb olunurlar. Hətta qızların çoxunu 9-cu sinifdən çıxarırlar. Uşaq əməyi istismarı kimi valideynlər tərəfindən əməyə cəlb olunurlar. Həm də o qızların başları ailə qurmaq fəlsəfəsi ilə doldurulur. Ya adaxlayırlar, ya da nişanlayır, erkən nikaha cəlb edirlər. Bölgələrdə vəziyyət bu cür olur. Valideynlərdə belə narahatlıq var ki, oğlanlar ölkəni tərk edirlər, qızlar evdə qalıb qarıyacaqlar. Ona görə ilk fürsətdə kim olursa-olsun verirlər. Bir çox hallarda bu izdivaclar da yarımçıq qalır, oğlan yenə də qızı rayonda qoyur, özü paytaxta gedir, ya da ölkəni tərk edir”.
Ekspertə görə, bütün bunların qarşısının alınması üçün bölgələrdə mənəvi həyatın canlanması lazımdır: “Gənclərin yalnız mənzil şəraitinin yaxşılaşması deyil, bölgələrdə onların mənəvi həyatları, asudə vaxtları təmin olunmalıdır. Bölgələrdə də əyləncə mərkəzləri, mədəniyyət evləri olmalıdır. Gənclər rayonda da öz mənəvi dünyasını tapmalıdır. Kəndlərdə bu vəziyyət düzələrsə, erkən nikahların da qarşısı alınar. Erkən nikahların qarşısını almaq üçün həm də orta məktəblərdə yeniyetmə və gənclərlə iş aparılmalıdır. Azərbaycanda tanınmış, ictimai-siyasi həyatda rolu olan qadınları rayonlara cəlb etmək lazımdır, məktəblərdə görüşlər təşkil etmək lazımdır ki, gənc qızlar özlərinə örnək götürsünlər. Çox yaxşı olardı ki, icbari təhsil 9-cu sinfə kimi yox, 11-ci sinfi əhatə etsin. Çünki rayonlarda qızlar 9-cu sinfə çatan kimi onları məktəbdən ayırırlar, işlərə cəlb edirlər. Əgər icbari təhsil 11 illik olarsa, məktəbin də həmin qızlar üzərində təsiri olacaq. Bəzən aztəminatlı ailələrin valideyni övladlarına ali təhsil verə bilmədiklərinə görə tez ərə verirlər. Sahibkarlar belə ailələrə yardım edə bilər, təhsil almalarına kömək edə bilərlər. Bir də nişanlanma kimi törənləri edənlər də hüquqi məsuliyyətə cəlb olunmalıdır. Əks təqdirdə, bəziləri bu adla övladlarını erkən nikaha sövq edirlər”.(Yeni Müsavat)