Əzizağa Nizami oğlu Hüseynovun əziz xatirəsinə...
Bəzən qürurla fikirləşir, illər öncə keçirdiklərim, müşahidə etdiklərim, şahidi olduqlarım yadıma düşür, xatırlayıb, bu gün fəxarətlə düşünürəm.
Doğurdan da, nə qədər qürur yaşadıb bizə şəhidlərimiz...?!
İllər öncə ölkədən kənara çıxmışdım. Mənə bələdçilik edən başqa millət nümayəndəsi ilə şəhəri gəzirdik. Şəhəri gəzərkən, birdən onun bir tanışı rastımıza çıxdı, bizimlə görüşdü, mənim kim olduğumu soruşdu. Azərbaycanlıdır - deyib, tanışım, öz tanışına məni təqdim etdi. Tanışımın, tanışı elə şirin "azərbaycanlıdı?"- deyib, sual dolu baxışı ilə, təbəssümlə mənə baxdı ki, məcbur qalıb başımla, səmimi, üzümdə gülüş yaradaraq azərbaycanlı olduğumu təsdiqlədim. Həmin tanış bizdən aralanıb gedəndə, onun şirin "azərbaycanlıdı?" - deməsinə görə, onun kimliyini tanışımdan soruşdum.
Ermənidi, - dedi.
Elə bil, yer ayağımın altından qaçdı. Onun, o şirinlikdə, təbəssümlə - "azərbaycanlıdı?" - deyə sual etməsi, mənə qınaq kimi gəldi. Mənə elə gəldi ki, o şirinliyin, təbəssümün içində ihteza, aşağlanmaq dururdu. O, istər o, niyyətdə olsun, istər olmasın. Bu mənə belə gəldi...
Qərbi Azərbaycandan, Qarabağdan və ətraf rayonlardan dədə-baba torpaqından didərgin salınaraq qovulmuş soydaşlarımızın məskunlaşdığı çadırlara, yataqxanalara, şəraitsiz binalara Avropadan gələn qonaqları, hakimiyyət nümayəndələri yanlarına salıb qaçqın və məcburi köçkünlərin güzəranını göstərəndə, televiziyada bu biabırçılığı seyr etdikcə xəcalət çəkirdim, utanırdım. Nə qədər aciz millət gününə qoyulduğumuzun acısından az qalırdı bağrım çatlasın...
Bu gün hər bir azərbaycanlı dünyanın harasında olmasından aslı olmayaraq fəxarətlə, qürurla, Azərbaycanlıyam - deyə bilir və deyə bilər.
Odur ki, bu gün, sosial şəbəkədə qarşıma çıxan hər bir şəhidin şəkilinə baxanda, bu qüruru bizə yaşatdıqlarına görə qəlbimdə o qədər sözlər yığılıb durur ki, nə qədər danışsam, nə qədər yazsam da, az olduğuna bir əminlik içimdə təlatüm yaradır...
Bu gündə, bu hissi yaşaya-yaşaya şəhid balamız, 1 fevral 1999-cu ildə Ağsu rayonun Bozavand kəndində dünyaya göz açmış Hüseynov Əzizağa Nizami oğlunun gülümsəyən şəkilində, gözlərinin içinə baxdıqca yuxarıdakı fikirlər beynimdə çözələnməyə başladı. Bir neçə dəqiqə ürəyimdən keçən fikirləri, şəkillə danışırmış kimi keçirdim. Onun haqqında sosial şəbəkədə olan məlumatları topladıqca, düşündüm. Doğurdan da, şəhidlər seçilirmiş.
Evin tək oğlu olan Əzizağa da, onun haqqında tanışların, dostlarının, döyüş yoldaşlarının dediyi kimi vətənpərvər, ailə canlı, səmimi, ünsiyyətcil biri imiş. Onun haqqında danışanların, yazanların ən çox bu hala diqqət ayırmaları, mənimdə diqqətimdən yayınmadı.
XÜSUSİ QEYD :- Bir dəfə, doğulub boya-başa çatdığım kəndin fəxri, sonradan Ağsu rayonunun Ağarx kəndinə köçüb orada pedaqoji fəaliyyətə başlayan, uzun illər görmədiyim, ancaq haqqında eşitdiyim, son zamanlar təmas qurub, tez-tez telefonla da olsa əlaqə saxladığm, "Ağsu Yazarlar" Ədəbi Birliyinin ağsaqqal üzvü, gözəl pedaqoq, gözəl şair Abbasəli Əhmədovla, şəhidlərimizin bizə yaşatdığı qürurdan danışanda kövrək səslə, şagirdi olmuş Əzizağa haqqında o qədər ürəkdən danışmışdı ki, bu hiss bu gündə məni buraxmadı. Hər bir məlumatı, xəbəri toplayıb oxuyan kimi, rəhmətlik Abbasəli müəllimin Əzizağa haqqında dedikləri yadıma düşürdü. Hər dəfə də bu fikirlərin doğruluğuna içimdə bir əminlik yaranırdı.
Sonralar, "Ağsu Yazarları" Ədəbi Birliyinin qrup paylaşmasında şəhidmizin oxuduğu məktəbin direktoru, birliyimizin üzvü, şair Rasim Hüseynzadənin şəhidmizin, hər il, doğum tarixində keçrilən tədbirlərdən paylaşımlarını və şəhidmizə ithaf etdiyi şeiri bir neçə dəfə izləyib oxumuşdum...
Elə bu fikirlərin içində şəhidmizin ömür tarixini səhifələməyə başladım...
Şəhidimiz Əzizağa Nizami oğlu Hüseynov, 2005-ci ildə Ağsu rayon Natiq Mirzəliyev adına Ağarx kənd orta məktəbinin birinci sinifinə gedir. 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirir. 2017-ci ildə həqiqi hərbi xidmətə çağrılır və Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət keçir. 2018-ci ildə isə ordudan təxris olunur. Əsgərlikdən gələndən sonra atasına, - "daha sən işləmə. O qədər də böyük ailə deyilik. Özüm işləyib, ailəyə baxacam." - deyib, atasını işləməyə qoymayır. Sözünün üstündə duran Əzizağa Hüseynov ikinci Qarabağ müharibəsi başlayana qədər dediyi kimi atasını işləməyə qoymayır.
27 sentyabr 2020 - ci ildə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğurunda başlanan ikinci Qarabağ müharibəsi zamanı Əzizağa Hüseynov, Ali Baş Komandan İlham Əliyev Cənablarının qismən səfərbərlik fərmanına əməl edərək, Respublika SHXÇDX-nin Ağsu rayon şöbəsinə gedib, könüllü səfərbərliyə yazılır. 29 sentyabr 2020-ci ildə cəhbə bölgəsinə yola salınır. Əzizağa Nizami oğlu Hüseynov şərəfli döyüş yolunu Suqovuşanın, Füzulinin, Cəbrayıln işğaldan azad olunması uğrunda, xidmət etdiyi hərbi hissə qarşısına qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə başlayır. Düşmən tərəfin hərbi texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük şücaət göstərir. Əzizağa Hüseynov 16 oktyabr 2020 - ci il Ağdərə istiqamətində gedən döyüşlərin zamanı şəhidliyə ucalır.
Vətən və dövlət qarşısında bu igid balamızın xidməti, dövlət başçısı, Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", " Cəsur döyüşçü", və "Suqovuşanın azad olunmasına görə" medalları ilə (ölümündən sonra) mükafatlandırılıb.
ŞƏHİD ƏZİZAĞA NİZAMİ oğlu HÜSEYNOV HAQQINDA DEYİLƏNLƏR :
ŞAMİL SƏRXAN oğlu MƏMMƏDZADƏ : Ağsu rayonun Gəgəli kəndi.
İlk gündən bir yerdə olmuşuq. Sözümüz-söhbətimizdə bir olub. O qədər səmimi, ünsüyətcil idi ki, istənilən adamla dil tapıb danışa bilən biri idi Əzizağa. Gözəl yoldaşlığı vardı. İstənilən döyüşdə döyüş yoldaşların özündən çox düşünürdü. Bir dəfə düşmən tərəfdən bizə hücum oldu, çiskinli, dumanlı hava idi. Biz hər dəfə döyüşə gedəndə və ya bizə qarşı düşmən tərəfdən hücum olanda, bir-birimizlə halallaşırdıq ki, birdən birimiz şəhid olarıq, bir-birimizi görə bilmərik. Həmin gün biz düşməni geri çəkilməyə məcbur etdik. Düşmən tərəf böyük itki ilə geri çəkildi. Vəziyyət sakitləşən kimi özümdən aslı olmayaraq gözüm Əzizağanı axtardı, gördüm yaralanmış əsgər yoldaşmıza köməklik edir, qanaxmanın qarşısın almaq üçün yaranı aşağıdan və yuxarıdan bağlayır. Demə, əsgər yoldaşımız yaralanan kimi, onu təhlükəsiz yerə çəkib, yardım edirmiş. Əzizağanı sağ-salamat görüb rahatlaşdım. Bundan sonrada çox döyüşlərimiz oldu. Aldığı qəlpə yarasından dünyasını dəyişdi. Ruhu şad olsun - deyib Şamil, Əzizağanın yoxluğuna kədərli halda heyifsləndi.
CƏFƏR BƏHRAM oğlu KƏRİMLİ :
Çox şən, mehriban, qoçaq və qorxmaz oğul idi. Olurdu, arada əsgər yoldaşlarımızdan kimsə evlə danışandan sonra eşitdiklərindən və yaxud da darıxdığından kefsizləşirdi. O dəqiqə bunu duyan Əzizağa həmin uşağı necə ovsunlayırdısa həmin əsgər yenə kefi kök xidmətin davam etdirirdi. Dəfələrlə döyüşlərdə heçnədən qorxmadan kinolarda olduğu kimi düşmənin üzərinə dik, ayaq üstə atəş açaraq gedirdi. Onun bu qorxmamazlığı bizdə də böyük ruh yüksəkliyi yaradırdı. Onun vətən sevgisi o qədər idi ki, deyirdi, bu cür cənnət torpaqları heç vaxt erməniyə qoymamalıyıq qalsın. Ona görə də, bu sevgi ona döyüşlərdə güc-qüvvə verirdi.
RƏŞAD ABBASƏLİ oğlu ƏHMƏDLİ : Ağsu rayon, Ağarx kənd sakini, "İti Qələm"Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarlar" Ədəbi Birliyinin üzvü.
Əzizağa gözümün qarşısında böyüyən kəndimizin yetişən gənclərindən biri idi. Atası Nizami ilə yaxı münasibətlərim vardı. Demək olar ki, rəhmətlik atamın xətrini çox istəyənlərdən biri idi Nizami kişi. Ona görə də ailə ilə çox mehriban, doğma idik. Əzizağa dedikcə zəhmətkeş, görəcəyi işi əvvəlcədən düşünən, heç kimə, heç kəsə problem yaratmayacaq uşaq idi. Harada olmasından aslı olmayaraq aldığı tərbiyəsinə uyğun hərəkət etməyi xoşlayırdı.
Həqiqi hərbi xidmətini çəkib gələndən sonra ailəsinə əlindən gələn köməyi göstərib, atasının işləməsinə razı olmamışdı. Eşitmişdim ki, atasını müqəddəs ziyarətgahlara göndərmək istəyir. Ermənilərin torpaqlarımızı uzun müddət işğalda saxlamasına millət olaraq icazə verməyəcəyimizi dövlət başçısı İlham Əliyev Cənabları bir çox mötəbər görüşlərdə, iclaslarda dəfələrlə vurğulamışdı. - " Bizim səbrimizin bir həddi var" - deyib, məsələni sülh yolu ilə həllini beynəlxalq təşkilatlardan tələb etmişdir. Əfsuslar olsun ki, ikili siyasət yürüdən beynəlxalq təşkilatlar işi uzatmaqla bizi işğalla barışmağa, buna öyrəştirməyə çalışırdılar. Elə bir vəziyyət yaranmışdı ki, daxildə, millətimiz arasında da insanlar tapılırdı ki, bu işğalın uzanmasından süstəlişir, inamını itirirdi. Lakin, dövlət başçısının düşünülmüş siyasəti bunun heç də belə olmadığını ortaya qoydu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə, 27 sentyabr 2020 - ci ildə başlanan müharibə, ölkə başçısının doğru siyasət yürütdüyünü ortaya qoydu. Qazanılan Zəfər tariximiz, bizim qürur tariximizin yazıldığı gündü. Əzizağa da bu tarixi yazan oğullarımızdan biridir. Onun xatirəsi bizim üçün həmişə əziz olaraq qalacaq. Nə qədər yazsaqda, danışsaqda bütün şəhidlərimiz bizim yaddaşlarımızdan silinməyəcək,
qəlbimizdə yaşayacaq...
Rəşadın son sözlərinə məndə qoşularaq, bu kiçik yazımla Əzizağa Nizami oğlu Hüseynovun timsalında bütün şəhidimizə uca Rəbbimizdən rəhmət diləyib, ruhları şad olsun deyirəm.
Böyük ehtiramla,
Elxas Comərd.
"İti Qələm"Respublika Ədəbi Birliyinin və " Ağsu Yazarları "Ədəbi Birliyinin üzvü.