Azərbaycan Atletika Federasiyasının Qadınlar Komitəsinin sədri Elvira Salyamova həyat yoldaşı tərəfindən dələduzluğa məruz qalıb.
“Qafqazinfo”nun məlumatına görə, 1970-ci il təvəllüdlü İqbal Həsənli arvadı da daxil olmaqla qohumlarına qarşı külli miqdarda dələduzluq edib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Zərərçəkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vuran İqbal Həsənliyə 8 il 6 ay həbs cəzası verilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, İ.Həsənli müxtəlif dövrlərdə müxtəlif epizodlar üzrə arvadı və qohumları da daxil olmaqla 8 tanışını aldadıb. O, 49 yaşında olarkən yüngül atletika üzrə idman ustası, peşəkar idmançı Elvira Salyamova ilə evlənib.
Salyamova ifadəsində bildirib ki, o, müxtəlif yerli və beynəlxalq yarışların mükafatçısı olub: “1996-cı ildə Atlanta ştatında keçirilən Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmişəm. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə mənzillə təmin edilmişəm. Sonradan həmin evi satıb daha az sahəyə malik ev aldım. İqballa 2018-ci ildə tanış olmuşduq. O, mənim tanışıma məxsus mənzili kirayəyə götürmüşdü. Bir dəfə evin kirayə pulunu mən İqbaldan alıb tanışıma verdim. Beləcə ünsiyyətimiz yarandı. Mənə Dubayda böyük biznesinin olduğunu, qızıl və brilyant əşyaların satışı ilə məşğul olduğunu bildirmişdi. 2019-cu ildə İqballa rəsmi qaydada nikaha daxil olduq, köçüb bizdə yaşamağa başladı.
Tanışlığın ilk günlərindən özünü işgüzar, əlaqəli, vədinə sadiq bir iş adamı kimi təəssürat yaratdığından dediklərinə qəti şübhəm olmayıb. Söhbətlərin birində İqbal dedi ki, yeni şirkəti qurmaq üçün pul lazımdır. Kürəkənimi buna inandırıb mənzilini satdırdı, 36 min dollarını aldı. Daha sonra dedi, pul çatmır. Təklif etdi ki, yaşadığımız evi satıb müvəqqəti kirayəyə köçək. Qısa zamanda bütün məsələləri həll edib daha böyük mənzil alacağına söz verdi. İqbal çox inandırıcı danışdığı üçün razılaşdım. 2019-cu ilin oktyabrında mənzilimi 55 000 manatını İqbala verdim. İqbal hər dəfə müxtəlif bəhanələr gətirib həm məni, həm də kürəkənimi evsiz-eşiksiz qoydu".