Fazil Mustafa: “Kadr dəyişikliyi prosesi ən çox məhkəmə sisteminə yonəlməlidir”
Fəzail Ağamalı: “Dəyişikliklər bundan sonra da davam edəcək”
Əkrəm Həsənov: “Burada çox ciddi kadr dəyişiklikləri olmalıdır ki, vəziyyət dəyişsin”
Prezident İlham Əliyevin təqdimatına əsasən, baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Milli Məclis təqdimata mayın 1-də keçiriləcək iclasında baxacaq.
Prezidentin yeni seçimi maraqla qarşılanıb. Belə ki, uzun illərdən sonra ilk dəfə baş prokurorun müavinlərdən birinin bu vəzifəyə təyin olunması xüsusilə vurğulanır. Bundan əlavə, qeyd olunur ki, buna qədər baş prokurorlar adətən, Gəncə Şəhər Prokurorluğundan gətirildiyi halda, bu dəfə fərqli addım atılıb.
Həm də Kamran Əliyevin müsbət reputasiyaya malik olması, adının korrupsiyada hallanmaması, əksinə, korrupsiyaya qarşı mübarizə aparan çox mühüm bir quruma rəhbərlik etməklə Prezidentin böyük etimadını qazanması, DTX-nın yeni rəhbəri Əli Nağıyevlə uzun müddət birgə işləməsi də maraqlı detallardandır.
Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə korrupsiyaya qarşı mübarizəyə diqqət çəkərək özünün prinsipial mövqeyini ifadə edib. Hətta bir neçə il öncə bu mövzuda danışarkən “inam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır”-deyə, Prezident bildirmişdi. Korrupsiyanı Azərbaycanın “bəlası” adlandıran İ.Əliyev demişdi ki, bu problem Azərbaycandan “tamamilə silinməlidir”.
Təkcə son aylarda icra bacılarının bir-birinin ardınca qandallanması, həmçinin digər faktlar Prezidentin qarşıya qoyduğu hədəflərə çatılması istiqamətində atılan addımların əyani göstəricisidir. Həmçinin son iki mühüm qurumun rəhbərliyinə məhz Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbər şəxslərinin gətirilməsi və təyin olunması da bu sahəyə önəmin göstərici sayılmalıdır.
Bir məqamı da vurğulayaq ki, bundan əvvəl Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi yenilənmişdi. Beləliklə, Baş Prokurorluqda həyata keçirilən kadr islahatları həm də gözlənilən idi. Bəs, ekspertlər son təyinatı necə dəyərləndirir? Belə demək olarmı ki, hüquq-mühafizə orqanlarının rəhbərliyindəki dəyişiklik son təyinatla tamamlanacaq?
Deputat Fazil Mustafa bu suallarla əlaqədar “Yeni Müsavat”a aşağıdakıları söylədi: “Yeni baş prokurorun tərcümeyi-halı ilə tanış olsanız görərsiniz ki, prokurorluğun ən alt mərtəbələrində işləmiş, öz zəhməti ilə sıçrayış olmadan vəzifə pillələrində irəliləmişdir. Bu, çox önəmli amildir və görünür ölkə prezidenti də təqdimatı verərkən daha çox buna diqqət yetirmişdir. Bu sistemdə əksəriyyət bir-biri ilə kolleqa olmuşlar, ona görə də burada başqa nüanslar axtarmaq doğru deyil. Əsas olan namizədin savadlı, obyektiv və qanunlara əməl edən şəxs olmasıdır. Düşünürəm ki, Kamran Əliyev də kənardan məhz bu keyfiyyətləri ilə tanınır və bir neçə tədbirlərdə ayaqüstü söhbətlərdə də daxilimdə bu fikir formalaşıb”.
F.Mustafanın sözlərinə görə, bu kadr dəyişikliyi prosesi ən çox məhkəmə sisteminə yonəlməlidir: “Həm də total şəkildə. O halda hüquq islahatlarının, kadr dəyişikliklərinin daha müsbət mənzərəsi üzə çıxacaq”.
Deputat keçmiş rəhbərliklə bağlı da düşüncələrini bölüşdü: “Uzun illər baş prokuror olmuş Zakir Qaralov da parlamentlə normal münasibətlər qura bilmişdi və bu ənənənin davam etməsi vacibdir. Çünki qanunvericiliyin çevik formada təkmilləşdirilməsi üçün bu əməkdaşlığın intensivliyi olduqca vacibdir. Zakir müəllimə da gələcək işlərində uğurlar diləyirəm”.
Hüquqşünas, tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a bildirdi ki, həm DİN-də, həm də Baş Prokurorluqda elə birinci şəxsin müavinləri vəzifəyə gəlib: “Bunu əlbəttə, köklü kadr dəyişikliyi hesab etmək olmaz. Daha çox həmin şəxsin sonradan nə edəcəyi daha vacibdir. Yəni o da sonra kadr dəyişikliyi edəcək, ya yox? Bu baxımdan ümid edirəm ki, inşallah, Kamran Əliyev Baş Prokurorluqda dəyişikliklər edəcək. Yoxsa prinsipcə bir nömrəli şəxs dəyişdiyi halda, eyni kadrlar, ətraf elə olduğu kimi qalacaqsa...Mənim elə vəkil, hüquqşünas kimi ən böyük narazılığım həmişə elə Baş Prokurorluğa olub. DTX-nin əvvəlki və indiki rəhbərliyi prinsipcə adekvatdır. Daxili İşlər Nazirliyinə gəldikdə, orada problemlər olub, amma orada çox sistemli idarəetmə var. Bu baxımdan Baş Prokurorluq işinin keyfiyyətinə, daxili idarəetməyə görə həm DİN-ə, həm də DTX-ya uduzur. Bu baxımdan burada çox ciddi kadr dəyişiklikləri olmalıdır ki, vəziyyət dəyişsin”.
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ölkə prezidentinin idarəetmə fəlsəfəsi və hədəfləri sistemli xarakter daşıyır: “İlk növbədə aparılan islahatların hüquqi bazası yaradılır. Bu, ölkə prezidentinin imzaladığı fərman və sərəncamlarda təsdiq edilir. Daha sonra qanunvericilik səviyyəsində təkmilləşmələr aparılır, yeni qanun layihələri təqdim olunur. Paralel olaraq struktur dəyişikliyi aparılır və yeni kadrlar, yeni simalar vəzifə başına gətirilir. İslahatların içərisində məhkəmə hüquq sisteminin təkmilləşməsi, onun fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müasir çağırışlara uyğun olaraq, islahatlara artıq xeyli müddətdir ki, start verilib. Bunun içərisində biz ölkə prezidentinin fərman və sərəncamlarını, eyni zamanda qanunvericilikdə qəbul edilmiş olan yeni qanun layihələri və qanunlara edilən əlavə və dəyişikliklər dediklərimizi sübut edir. Eyni zamanda artıq kadr islahatlarına da start verilib. Bəlli olduğu kimi, baş prokurorun dəyişilməsi ilə bağlı ölkə Prezidentinin artıq niyyəti ortalıqdadır. Bununla bağlı Milli Məclisə müraciət edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilmiş onlayn iclasında biz Kamran Əliyevə özümüzün müsbət fikrimizi ifadə etdik. Sabah, mayın 1-də keçiriləcək plenar iclasda Kamran Əliyevin Baş prokuror təyin edilməsi ilə bağlı ölkə Prezidentinin müraciətinə baxılacaq və əminəm ki, müsbət fikir ifadə olunacaq”.
F.Ağamalı onu da qeyd etdi ki, artıq təmsil olunduğu komitənin şənbə günü keçiriləcək toplantısında digər mühüm məsələ müzakirə olunacaq: “Apelyasiya və Ali Məhkəmə hakimlərinin tərkibi yeniləşdirilir, oraya çoxsaylı yeni hakimlər təyin olunur. Bu da məncə, islahatların çox vacib tərkib hissəsidir. Bundan sonra da bu islahat prosesi gedəcək”.
Deputat dedi ki, hüquq mühafizə sistemində aparılan dəyişikliyin ilk addımlarını biz DİN və DTX rəhbərlərinin dəyişilməsində gördük: “Bu, keçən qısa zaman kəsiyində özünün olduqca müsbət nəticələrini ifadə etməkdədir. Biz yeni kadrların, yüksək səviyyəli, müasir dünyagörüşə malik peşəkarların yüksək postlara təyin olunmasının konkret nəticələrini görməkdəyik. İstər DİN-də, istərsə də DTX-da biz həqiqətən bu hüquq mühafizə orqanlarının olduqca çevik, dövlətçiliyin möhkəmlənməsinə kifayət qədər müsbət təsir göstərən, ölkə Prezidentinin xüsusi olaraq korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizədə öz funksiyaları daxilində həmin qurumların rəhbərləri xidmətlərini göstərməkdə, töhfələrini verməkdədirlər. Bu, çox yaxşıdır və hər birimizi vətəndaş olaraq sevindirir, bu yanaşmalardan çox məmnunuq. Mən tamamilə əminəm ki, Respublika Prokurorluğunda edilən dəyişikliklər də təbii ki, bu baxımından daha böyük inkişafa gətirib çıxaracaq, həmçinin qurumun rəhbərliyi Prezidentimizin və xalqımızın bundan sonra onlardan gözlədiklərini həyata keçirəcəklər”.
F.Ağamalı əmindir ki, dəyişikliklər bundan sonra da davam edəcək: “Çünki bu, sistemli xarakter daşıyır. Etimadı doğruldanlar, vəzifənin məsuliyyətini başa düşüb, dövlətimizə və xalqımıza təmənnasız və vicdanla xidmət edənlər öz töhfələrini verməkdə davam edəcək, bu etimadı itirənlər təbii ki, özlərini təcrid edəcəklər. Beləliklə onların yerinə gələnlər də dövlətçiliyimizə daha yaxşı xidmətlər göstərəcəklər. Bu, son dərəcədə düşünülmüş, kifayət qədər əsası olan, sistemli bir prosesdir və Prezidenti bu, idarəçilik sisteminin əsas mahiyyətini təşkil edir”.