Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək.
Matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Hazırda “qırmızı-qaralar” 48 xalla dördüncü, Tovuz klubu isə 35 xalla altıncı pillədə qərarlaşıb.
İki komanda bunadək ölkə çempionatında üç dəfə üz-üzə gəlib. İlk matçda “Qəbələ” qələbə qazanıb. Son iki görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Elmar Baxşıyevin başçılıq etdiyi komanda üstündür - 3:1.
Günün son oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Hazırda 84 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Elitada qalmaq uğrunda mübarizə aparan “dənizçilər” isə 25 xalla doqquzuncu sırada yer alıblar.
Komandaların indiyədək çempionatda baş tutan 22 görüşündə “köhlən atlar” 18 dəfə qələbə sevinci yaşayıblar. Bakı klubunda bu göstərici cəmi ikidir. Eyni sayda qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbəti də son Azərbaycan çempionunun xeyrinədir - 47:8.
“Qarabağ” son beş oyunda qələbə qazanıb. Son yeddi matçda ən azı üç qol vurub.
Azərbaycan Premyer Liqası
XXXIV tur
13 may (şənbə)
18:00. “Qəbələ” - “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.
20:30. “Səbail” - “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.
Qeyd edək ki, XXXIV turun açılış oyununda “Zirə” evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun “Neftçi” - “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” - “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.