hemle

Əliyevin Tacikistan səfəri: İran kontekstinə reaksiya, Çin strategiyası ilə tutuşdurma - TƏHLİL

Tarix:6-04-2023, 16:26
Baxış Sayı:103

Prezident İlham Əliyev aprelin 5-də Tacikistana gedərək bu ölkənin başçısı Emoməli Rəhmonla görüşdü, müzakirələrin nəticələri olaraq iki dövlət arasında bir neçə sənəd imzalandı.

Azərbaycan və Tacikistan prezidentlərinin görüşü Bakının Mərkəzi Asiya üzrə diplomatiyasını və öz tərəfdaşlarını diversifikasiya etmək cəhdini vurğulayır.

Nəzərdə saxlamaq lazımdır ki, Tacikistan Mərkəzi Asiyada strateji mövqeyinə görə beynəlxalq münasibətlər sistemi üçün mühüm geosiyasi və geostrateji əhəmiyyətə malikdir.

Tacikistan Mərkəzi Asiya ölkələri içərisində türk dövləti olmayan, İranla ortaq fars dilini, mədəniyyətini bölüşən yeganə ölkədir.

Tacikistandan savayı Mərkəzi Asiya dövlətləri İranın hegemonluğundan narahat olur, İranın ideoloji impulslarına meyil etmirlər.

Ona görə də Tacikistan bazarlarındakı və müdafiə sənayesindəki iştirakını gücləndirən İran bu ərazidən Mərkəzi Asiyada ambisiyalarını təmin etmək üçün tramplin kimi istifadə etməkdə maraqlıdır.

Tehranın bu ambisiyaları Türk Dövlətləri Təşkilatının Mərkəzi Asiya zolağında narahatlıqlar yaradır.

Ona görə də Azərbaycan beynəlxalq platformalarda, regional çərçivələrdə Tacikistanın İrana siyasi dəstək göstərməməsində maraqlıdır.

İkinci bir istiqamət – İranla yanaşı, Rusiya, Qərb, Çin və Türkiyənin Mərkəzi Asiyada güclü və davamlı nüfuz dairəsi yaratmaq üçün çalışmalarıdır.

Maksimal şəkildə bu regionun bütün dövlətlərini eyni çətir altında birləşdirmək qlobal prioritetdir.

İlham Əliyevin Düşənbə səfəri zamanı Emoməli Rəhmonla danışıqlarının əsas strateji yükü həmin məzmunları ehtiva edə bilər.
Təqribi sxemi belə tərtib edə bilərik ki, Azərbaycan İranla olan gərginliyinin perspektivində Tacikistanın yerini, maraqlarının Mərkəzi Asiyaya uzanan hissəsini, TDT çərçivəsindəki hədəflərini əlaqələndirir.

Azərbaycanla Türkiyə Mərkəzi Asiyada Qərblə Rusiyanın didişən maraqlarının ucunda dayanan tərəf olmaqdan yayınırlar. Eyni zamanda, cədvəli elə hazırlayırlar ki, İran prosesdə önə çıxmasın, çünki Tehranın regionda mövcudluğunu genişləndirməsi TDT üçün problemlər yarada bilər.

Bu fazada Bakı-Ankara strateji müttəfiqliyinin gizli əməkdaşlıq edə biləcəyi ən sərfəli oyunçu Çindir.

Çinin Tacikistanda geniş praktiki təsirləri mövcuddur və bunu maliyyə-borc vasitələri ilə bərkidir.

Bu mənada Pekinin strategiyası Azərbaycan və Türkiyə üçün həlledici fürsətləri təmsil edə bilər.

Əliyevlə Rəhmonun müzakirələrinin iqtisadi hissələri də Çinin Mərkəzi Asiyadakı nüfuz dairəsinə zidd yox, ona uyğun xarakterdədir.

Ümumilikdə Əliyevin Tacikistana səfəri ikitərəfli əlaqələrin regional maraqlar kontekstində inteqrasiya edilməsində yardımçı olacaq.

Lakin Tacikistanın inkişaf cəhətdən zəif qalması, Çindən asılılıq dərəcəsi, onun Rusiyanın miras buraxdığı ərazi münaqişələrindən əziyyət çəkməsi proseslərdəki roluna mənfi təsir edəcək.

Digər xəbərlər
14:56 Fırtınaqabağı sükut: Rusiya şəhərlərinə irimiqyaslı hücumlar olacaq
14:54 İlham Əliyevə orden təqdim edildi
14:52 Ekstrasensdən qorxunc proqnoz: Ölümcül müharibə başlayacaq
14:50 Geopolitik savaş oyunçularının Azərbaycana qarşı ÇİRKİN KAMPANİYASI
11:37 ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
11:34 Çin Azərbaycandan keçən dəhliz üçün… - Rus ekspert
11:31 Xaricdə təhsil alan 125 nəfərin diplomu tanınmadı
11:25 Azərbaycanın Təhlükəsizlik Şurasının katibi: "Bölgədə sülh dövrü faktiki bərqərar olunub"