Sentyabr ayında Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin banklara olan bütün növ kredit öhdəlikləri və onlara hesablanmış faizlər tam silinib.
Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyindən məlumat verilib.
Məlumata görə, bu məsələ qurumun Rəyasət Heyətinin sentyabrın 16-da keçirilən geniş tərkibdə iclasında müzakirə edilib. İclasda borcların silinməsi məsələsi yekdilliklə təsdiq edilib.
“ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Prezidentin tapşırıqlarını və Azərbaycan Mərkəzi Bankının tövsiyələrini rəhbər tutaraq Şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyacının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.