hemle

Avropa həftəsi: Qərb bizdən nə istəyir, nə verəcək - Əsas məsələ kimin kimə və hansı məsələdə güzəşt edəcəyindədir

Tarix:21-07-2022, 08:46
Baxış Sayı:163

Son bir həftə ərzində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mühüm görüşlər keçirilib, sənədlər imzalanıb, habelə davamlı əməkdaşlıqla bağlı nikbin bəyanatlar səsləndirilib. Belə ki, iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Bakıya səfər edib və Prezident İlham Əliyevlə görüşəndən sonra Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bir gün sonra – iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti regiona səfəri çərçivəsində Bakıda Azərbaycan Prezidenti, hökumət üzvləri, eyni zamanda müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirib.

İyulun 19-da isə Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib və Xarici İşlər naziri Ceyhun Bayramov görüşdən sonra Aİ xarici işlər komissarı Cozef Borrellə birgə mətbuat konfransı keçirib.

Bu sırada Ceyhun Bayramovun NATO Baş katibi Yens Stoltenberqlə görüşünü də xatırlatmağa dəyər.

İndi isə bu görüşlərdə əldə olunan razılaşmalar və səsləndirilən bəyanatlar barədə daha ətraflı.

İyunun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Rusiya-Ukrayna müharibəsi və Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda imzalanıb. Bu il fevralın 24-də başlanan müharibədən sonra Avropa İttifaqı Rusiya qazından imtinaya qərar verib və alternativ mənbələr axtarmaqdadır.

İmzalanma mərasimindən sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen qətiyyət göstərdiyinə və Avropa İttifaqını dəstəklədiyinə görə İlham Əliyevə minnətdarlığını çatdırıb:

“Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən əvvəl də Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam”.

O, Azərbaycandan Avropa İttifaqına göndərilən qazın həcminin ikiqat artırılacağını vurğulayıb.

Ursula fon der Lyayen eyni zamanda Avropa İttifaqının Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürdüyünü deyib:

“Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.

Prezident İlham Əliyevsə sənəd haqqında mətbuata bəyanatında deyib ki, Memorandum gələcək üçün bir növ yol xəritəsidir.

“Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq”.

O, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi olduğuna və planlaşdırılan bütün məsələlərin həllinə nail olacaqlarına əminliyini ifadə edib.

Avropa Komissiyasının prezidenti bildirib ki, Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir:

“Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir”.

Maraqlıdır ki, bu saziş Azərbaycanda müsbət rəylərlə yanaşı, müxalif siyasi dairələrdə demokratik islahatların arxa plana atılacağı ilə bağlı narahatlıq yaradıb. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə Bakıda keçirilən görüşlərdə bu məsələ də müzakirə edilib.

Məsələn, AXCP sədri Əli Kərimli bildirib ki, narahatlığı Avropa Parlamenti rəsmisinə çatdırıb:

“Avropa Birliyi rəsmiləri bizi əmin etdilər ki, AB ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın artması Azərbaycanda insan hüquq və azadlıqlarına olan diqqəti azaltmayacaq. AB ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında sazişin razılaşdırması da nəhayət, başa çatacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və qurumun Azərbaycana qarşı qərəzli mövqedə dayandığını onun diqqətinə çatdırıb. Bununla belə dövlət başçısı Azərbaycanın Avropa ilə yaxın münasibətlər qurmaq istədiyini, parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını vurğulayıb.

Bundan əvvəl Prezident hökumətin iclasında bildirmişdi ki, bu il Avropa İttifaqı ilə Azərbaycan arasında fəal əməkdaşlıq aparılıb: “Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq”.

Qeyd edək ki, Aİ-Azərbaycan arasında strateji Saziş məsələsi 6 ildən artıqdır müzakirə olunur və iyulun 19-da Brüsseldə keçirilən Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının başlıca mövzusu olub. Aİ xarici işlər komissarı Cozef Borrel deyib ki, danışıqların ən əhəmiyyətli mərhələsinə qədəm qoyublar:

“Biz həm də yeni hərtərəfli əməkdaşlıq və partnyorluq sazişi üzrə danışıqların həlledici mərhələsindəyik. Bu yeni saziş bizim aramızda daha güclü əməkdaşlıq və siyasət dialoquna imkan verəcək. Bu habelə Azərbaycana öz iqtisadiyyatını şaxələndirmək və biznes və xarici investisiyalar üçün sağlam mühit yaratmaq səylərində dəstək olacaq”.

Cozep Borrel habelə Aİ və Azərbaycan arasında əməkdaşlıq sahəsində həssas və çətin məsələlərdən də danışıb. O, bildirib ki, bu məsələlər üzrə Ceyhun Bayramovla fikir mübadiləsi aparıb:

“İnsan haqlarına və qanunun aliliyinə hörmət bizim münasibətlərimizdə qarşılıqlı razılaşdırılmış prioritetlərdir. Fəal vətəndaş cəmiyyətinin işləməsi məqsədilə mühitin yaradılması üçün qətiyyətli irəliləyişə ehtiyac vardır. Bu, insan haqlarına beynəlxalq standartlara və Azərbaycan tərəfindən götürülmüş öhdəliklərə uyğun hörmətin təmin edilməsi üçün lazımdır. Biz xüsusilə də diqqəti yeni media qanununa çəkdik və bu barədə müzakirə apardıq”.

Avropa ilə Azərbaycan arasında intensivləşən dialoqu şərh edən politoloq Fərhad Məmmədov bildirir ki, qlobal geosiyasi vəziyyət hər gün daha da mürəkkəbləşir:

“Belə təhlükəli şəraitdə Cənubi Qafqazın geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artır. ABŞ və Avropa İttifaqı üçün regionun geoiqtisadi əhəmiyyəti enerji və nəqliyyat kimi iki vacib istiqaməti əhatə edir. 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdı. Sazişə əsasən Cənub Qaz Dəhlizi marşrutu ilə Avropaya gələn il 12 milyard, bir neçə il sonra isə 20 milyard m3 həcmində qaz nəql ediləcək”.

Politoloq vurğulayır ki, regionun logistika imkanları da Qərb tərəfindən yüksək qiymətləndirilir: “Asiyanı Avropa ilə bağlayan əsas quru ticarət və tranzit yolları Rusiya, Azərbaycan və İrandan keçir. Qərbin Moskva ilə ziddiyyətli münasibətləri Rusiyanı şərq-qərb marşrutu üzrə etibarlı tərəfdaş statusundan məhrum edir. İranla münasibətlərini isə hələ ki, proqnozlaşdırmaq çətindir. Belə şəraitdə Şərq-Qərb arasında yeganə marşrut Cənubi Qafqazdan – Azərbaycan və Gürcüstandan keçir. Ölkəmizin coğrafi mövqeyi, Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları və Ermənistanı çıxmaq şərtilə qonşularla əlaqəli dəmir yolları Azərbaycanın əhəmiyyətini Qərb üçün dəfələrlə artırmış olur. Regionun logistik əhəmiyyətini ABŞ prezidenti C. Bayden Azərbaycan Prezidentinə 1 iyun tarixli məktubunda, xanım fon der Lyayen isə dünənki çıxışında xüsusi vurğuladı”.

F.Məmmədov deyir ki, Qərbin geosiyasi gözləntisi olan layihələrin təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün Rusiyanın regiona təsiri hissolunan dərəcədə azalmalıdır. Onun sözlərinə görə, bunun üçün Azərbaycan-Ermənistan münasibətləri normallaşmalı və nəticə olaraq Rusiyanın 2025-ci ildə Qarabağda hərbi mövcudluğuna son qoyulmalıdır. “Regionda Rusiyadan ən çox asılı vəziyyətdə olan Ermənistan isə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Rusiyadan iqtisadi və təhlükəsizlik asılılığını azalda bilər”, – təhlilçi qeyd edib. //pressklub.az//

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?