Vaxtilə ABŞ Konqresində çalışan bir qadın ABŞ-ın keçmiş vitse-prezidenti və noyabr ayında keçiriləcək prezident seçkilərində Demokrat partiyasının vahid namizədi Co Baydenə qarşı ittiham irəli sürüb.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bununla bağlı məlumat “The New York Times” qəzetində yayılıb.
Qadının sözlərinə görə, 30 il öncə Co Bayden hələ senator olduğu vaxt, onun tərəfindən seksual sataşmaya məruz qalıb və buna görə işini itirib.
Həmin qadının adı Tara Riddir. O, 90-ci illərdə Co Bayedenin Delaver ştatını ABŞ Senatında təmsil etdiyi zaman onun köməkçisi vəzifəsində çalışıb. Ötən həftə o, Vaşinqtonda hadisə ilə bağlı polisə müraciət edib.
Tara Rid niyə həmin dövrdə insidentlə bağlı hüquq-müafizə orqanlarına danışmadığı barədə sualları aydın şəkildə cavablandırmayıb. Jurnalistlərin suallarına cavab olaraq o, Baydenlə bərabər onun 3 müşavirinin də seksual xarakterli təcavüzünə məruz qaldığını deməklə kifayətlənib.
Tara Rid 1993-cü ildə keçmiş senatorun onu işdən qovduğunu da qeyd edib.
Lakin bəhs olunan dövrdə demokrat siyasətçi ilə çalışmış digər insanlar qadının sözlərini təsdiq etməyiblər. Heç jurnalistlər də onun hər hansı şəkildə polisə müraciətini təsdiqləyəcək sənədi tapmayıblar.
Qeyd olunur ki, bundan öncə Co Baydenə qarşı 7 qadın da bənzər ittiham səsləndirib. Siyasi ekspertlər bu cür iddiaların bundan sonra daha çox olacağını vurğulayırlar.
Xatırladaq ki, Demokrat partiyasının vahid namizədi təsdiqləyəcək qurultayı bu ilin avqustunda Viskonsin ştatının Miluoki şəhərində keçiriləcək.
Musavat.com