hemle

“Xeyli tələbə bu qərardan ciddi şəkildə əziyyət çəkəcək” - ekspert

Tarix:27-01-2022, 08:43
Baxış Sayı:225

Təhsil Nazirliyinin tələbə köçürülmələri ilə bağlı verdiyi qərar tələbələr tərəfindən narazılıqla qarşılanıb. Belə ki, ali təhsil müəssisələrinə ildə iki dəfə olmaqla qış və yay tətilləri zamanı tələbələrə ixtisasını, universitetini və təhsil formasını dəyişmək üçün imkan verilir.

Təhsil Nazirliyi bu ilin qış semestrində nədənsə tələbələrə belə bir şans verməyib. Nazirlik bu qərarını 2021-2022-ci tədris ilinin 2 həftə gec başlaması ilə izah edib. Qurumun rəsmi saytında qeyd olunub ki, 2021-2022-ci tədris ili iki həftə gec başladığından tədris materiallarının mənimsənilməsi və imtahan sessiyasının təşkili, eləcə də bununla bağlı sənədləşmə işləri əlavə vaxt tələb edir: “Bununla əlaqədar olaraq, 2021-2022-ci tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrin olmaması məqsədilə, qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən tələbələrin köçürülməsi həyata keçirilməyəcək. Tələbələrin köçürülmə prosesi növbəti dəfə 2021-2022-ci tədris ilinin yay tətili müddətində baş tutacaq”.

Bu qərara etiraz edən tələbələr isə nazirliyin “Facebook” hesabında öz narazılıqlarını bildiriblər.

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini belə açıqlayıb: “İlk növbədə qeyd edim ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası (həqiqi hərbi xidmətdən tərxis edilmişlər və akademik məzuniyyətdə olanlar istisna olmaqla) qış və yay tətilləri dövründə aparılır. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir. Bütün hallarda tələbələrin köçürülməsi (təhsil formasını və ixtisasını, təhsil aldığı məktəbi, şəhəri və ya ölkəni dəyişməsi) yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Birinci və ikinci kursda köçürülməyə icazə verilir”.

Əsədov əlavə edib ki, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir: “Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. 2016-cı ildən etibarən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Bu qayda eləcə də orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanlara da aiddir. Bu o deməkdir ki, oxuduğu ixtisasdan razı qalmayan tələbə getmək istədiyi universitetin rektorunu, prorektorunu, dekanını “görmədən" istədiyini həyata keçirə bilər. Amma indiyə qədər bu problemi həll etmək üçün 99 faiz qeyd olunan instansiyaları “görməli” idin. Təəssüf ki, bir neçə il əvvəl elə biabırçı tələbə köçürülmələri edilirdi ki, adam özü utanırdı. Məsələn, Solo oxumaq, Xalq çalğı alətləri ixtisasından birbaşa universitetin Tarix, Hüquq fakültəsinə köçürülmə mümkün idi. Əlbəttə ki, bu, ancaq kimlərisə yaxından və dərindən “görmək”lə olurdu. İndi isə bu proses qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır. Yəni siz qəbul olduğunuz ildə yaxşı bal toplamısız, amma doğru ixtisas seçimi etməmisiniz, ya da oxuduğunuz ixtisas ürəyinizcə deyilsə, Təhsil Nazirliyi imkan verir ki, balınız uyğun gəlirsə, rahatlıqla, heç kimi “görmədən”, xərcə düşmədən köçürülmənizi edəsiniz. Amma bu dəfə Təhsil Nazirliyi növbəti köçürülməyə qısa müddət qalmış, prosesin fevralda həyata keçirilməyəcəyini elan etdi. Bu hal tələbələrin təhsil alma hüququnun məhdudlaşdırılması deməkdir. Yaxşı olardı ki, Təhsil Nazirliyi gələcəkdə görməyi planlaşdırdığı işləri öncədən proqnozlaşdırsın. Kifayət qədər tələbə bu qərardan ciddi şəkildə əziyyət çəkəcək. Səhhəti və ailə vəziyyəti ilə bağlı köçürülmə etməyi planlaşdıranlar azı 5 ay gözləməli olacaqlar".

Ekspertin fikrincə, tələbə köçürülmələrinin fevralda həyata keçirilməsinə maneədə universitetlərin rolu olub: “Belə ki, tədris ilinin ortasında tələbələr universitetdən gedəndə, onlar təhsil haqqının yarısını ödəyirdilər. Təhsil Nazirliyi fevral ayında tələbə köçürülməsini həyata keçirməyəcək. Bunu akademik gecikmənin olmaması üçün ediblər. Amma tələbə köçürülməsinin həyata keçirilməməsi bəzi universitetlərin işinə yarayıb. Çünki transfer pəncərəsi açılanda bu universitetlər ciddi şəkildə tələbə itirirdilər. Mənə görə, ölkə təhsilində son illərin ən yaxşı islahatlarından biri tələbə köçürülməsinin elektron qaydada həyata keçirilməsidir. Yaxşı olardı ki, Təhsil Nazirliyi hər köçürülmədən sonra nə qədər tələbənin haradan-hara köçürülmə etdiyini də açıqlaya. Onda bizim ali təhsilin keyfiyyət mənzərəsi ortaya çıxar. Mənə görə köçürülmə təxirə salınmaya bilərdi. Çünki elektron qaydada həyata keçirilir, avtomatik də tələbə balı çatan universitetin ixtisasını seçməklə köçürülməsini edə bilər. Transferə ciddi şəkildə ehtiyacı olan tələbələr var. Hesab edirəm ki, onları nəzərə almaq lazımdır”.

Mövzu ilə bağlı “Yeni Müsavat”ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, tələbələrin köçürülməsi çoxmərhələli və uzun vaxt tələb edən prosesdir: “Belə ki, adətən tələbələrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsinə müraciət üçün vaxt verilir. Müraciətlər toplandıqdan sonra (burada söhbət minlərlə müraciətdən gedir) onlar emal olunur. Müvafiq qanunvericiliyə uyğun olaraq köçürülmə şərtlərini ödəyən tələbələr barədə həm onların çıxmaq istədikləri universitetlərə, həm də köçürülmək istədikləri universitetlərə müvafiq məktublar göndərilir və köçürülmə prosesinin universitetlər tərəfindən həyata keçirilməsi üçün müvafiq vaxt verilir. Həmçinin köçürülmə barədə tələbənin özünə də SMS vasitəsilə məlumat göndərilir. Məlum olduğu kimi, bir ixtisasdan digərinə köçürülən tələbələrin tədris proqramlarında fərqlər olduğu və bu çoxlu fərq imtahanlarına səbəb olduğu üçün tələbələr köçürülməkdən imtina da edə bilirlər. Bu zaman tələbə imtina barədə qərarını həm təhsil aldığı, həm də köçürülmək istədiyi universitetə təkrarən bildirir.

Əvvəlki illərdə qış tətili dövründə həyata keçirilmiş tələbə köçürmələrinin təhlili göstərir ki, bütün bu prosedurlar çox zaman tələb edir və yaz semestrinin başlanğıcında köçürülmüş tələbələrin bir qisminin yeni ali təhsil müəssisəsi və ya ixtisasda dərslərə başlaması problemə çevrilir. Hazırkı dövrdə pandemiya səbəbindən ali təhsil müəssisələrindən tədrisin iki həftə gec başlanması, imtahan sessiyası və tətil müddətinin sıxışdırılması tələbə köçürmələri zamanı gecikmələrin daha çox artacağını proqnozlaşdırır. Təhsil prosesinin davamlılığını təmin etmək, tələbələrin köçürülmə prosesi zamanı onların təhsillərində meydana çıxa biləcək fasilənin ortadan qaldırılması məqsədilə bu ilin qış tətili müddətində tələbə transferi həyata keçirilməyəcək. Bir daha qeyd etmək istəyirik ki, tələbələrin bərpası prosesi əvvəlki qaydada davam edəcək".

Digər xəbərlər
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?
09:16 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
08:37 “WhatsApp”da çoxdandır gözlənilən YENİLİK
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub