hemle

“Mən Eskobar idim, gecə 2-nin yarısında həbs qərarı seçiblər?!”

Tarix:19-11-2021, 14:04
Baxış Sayı:263

Rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda P.Abbasov ifadə verib. O, koronavirus xəstələrinin pul qarşılığında klinikaya yerləşdirilməsi ittihamlarını rədd edib: "Mənim barəmdə gecə saat ikinin yarısında həbs qərarı seçiblər. Mən Eskobar idim?! Saat 6-da əməliyyatçılar iş otağıma daxil oldu. Çantamda olan qeyd dəftərimi götürdülər. Əməliyyat zamanı maaş kartım, evimin açarları olan pulqabım açılıb, çəkiliş edilib. Mən aylıq 7500 manat əmək haqqı alıram. Çəkilişdə göstərilən pul 6650 manatdır. Həmin pul da əmək haqqımdır. 4 ay sonra bilmişəm ki, o video televiziyalara ötürülüb. Bununla da ictimai rəyi çaşdırıblar, məni nüfuzdan salıblar.

Ömrümü səhiyyəyə həsr etmişəm. 40 yaşımda elmlər doktoru olmuşam. İndi 40 yaşımın tamamında 4 divar arasındayam. 20 ilin cərrahıyam, amma bircə dənə ipotekada olan evim var, bir də maşınım. İndi özünüz qərar verin. Avropa və ABŞ həkimlər konqresinin üzvüyəm. Oradan zəng ediblər, mənə dəstək olmaq istədiklərini deyiblər. Vətən Müharibəsi dövründə 200 yaralı qazi qəbul etmişəm. Onlardan 60 nəfərini şəxsən özüm əməliyyat etmişəm. 20 ilin cərrahı istəsəydi, Azərbaycanda nələr qazanmazdı?! Ölkədə səhiyyə sistemində rüşvətin necə alındığını hamı bilir. Koronavirus xəstələri üçün ayrılan dərmanlar var idi ki, mən o dərmanların az bir hissəsini belə satsaydım, nələr qazanardım, heç kimin xəbəri olmazdı.


Mənim üzümə duran adamlar var. Guya ki, mən kimdənsə telefonda dilimlə pul istəmişəm. Bu necə mümkündür axı? İndi kim kimdən telefonda pul istəyər?! Təəssüf ki, bir qadın gəlib üzümə durdu. Təsəvvür edin ki, minlərlə insanın müalicə aldığı, minlərlə insanın gəlib-getdiyi klinikada bircə nəfər o qadın "tapıldı". Baş cərrah oldum, universitetdə dərs dedim, dosent oldum və bu günə qədər bir adamdan bir qəpik də almadım. Amma yoldan keçən bir adamdan pul aldım?!”

Pərviz Abbasov qeyd edib ki, “Yeni Klinika”ya xəstələrin qəbulu Operativ Qərargahın təlimatı əsasında aparılıb: "Öz ayağı ilə gələn hər xəstəni qəbul etmirdim. Çünki icazə yox idi. Operativ Qərargahdan hər gün təlimat verilirdi ki, bu gün sərbəst qəbul et. Bəzən də deyilirdi ki, bu gün kim müraciət etsə də, qəbul etmə. İdarə rəisləri, polis rəisləri, onlarla millət vəkilləri, nazirliklərdən zəng edilirdi. Mən səmimi olaraq deyirəm ki, tanışım Samirin xahişləri ilə də adam qəbul etmişəm.

İşlə bağlı gün ərzində bəzən 60-70 nəfərlə telefonla danışırdım. Klinikaya xəstə yerləşdirmək üçün xeyli sayda vəzifəli şəxslərin müraciətləri olurdu. Qonşular, qohumlar hamı zəng edirdi, xahiş edirdi. Xəstəxananın qarşısında "üstümə benzin töküb özümü yandıracam" deyənlər olurdu. Hansı vətəndaş müraciət edibsə, qəbul etmişəm, maraqlanmışam, kömək etmişəm. Amma bircə nəfərdən belə olsun, pul almamışam. Saat 6-da evdən çıxıb gecə saat 12-də qayıdırdım.

Özüm dəfələrlə rəhbərliyimə demişəm, məruzə etmişəm ki, klinika ilə bağlı rüşvət iddiaları gəzir, bundan narahat idim. Rayon DTX və polis rəisləri ilə də danışığım olub. İşçilərin 60-70 faizi başqa xəstəxanalardan ezam olunmuşdu. Ona görə də belə halların ola biləcəyindən ehtiyat edirdim.

Mənim qeyd dəftərimdəki adlar başqa klinikalarda əməliyyat etdiyim xəstələrin siyahısıdır. Həmin xəstələrin adına baxın, araşdırın. Heç biri "Yeni Klinika"nın sistemində yoxdur. Amma həmin şəxslərdən pul alındığı, klinikaya yerləşdirildiyi deyilir.

Hörmətli məhkəmə, maneələr olacaq, təzyiqlər olacaq, amma xahiş edirəm ki, bu işi ədalətli araşdırın. Haqq-ədalətin bərqərar olacağına inanıram”.

Proses noyabrın 25-də davam etdiriləcək.

Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

P.Abbasovla birlikdə həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsində çalışıb. Samir Mirzəyev isə işsiz olub. Adıçəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, Vüsalə Əliyevanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti