"24 ildir istehlakçı hüquqlarını qorumaqla məşğulam, hələ bir dəfə də görməmişəm ki, istehlakçının sənaye üsulu ilə hazırlanmış maldan zəhərlənməsi barədə dövlət orqanları məlumat yaysınlar”.
Bunu açıqlamasında Qida Təhlükəsizliyi yanında İctimai Şuranın üzvü, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Müsahibimiz bildirib ki, Azərbaycan həkimləri hətta əlini kəssən də, bir kağıza hansısa dövlət orqanının sertfikat verdiyi məhsuldan zəhərləndiyini yazıb verə bilməzlər:
"Ya bu işi edə bilmirlər, araşdırmağı bacarmırlar, ya da qorxurlar. Məsələn, Gömrük Komitəsindən bir şeyə sertfikat verildi - heç bir dövlət orqanı orada insan ölümü də olsa, o malın adını çəkməz. Əhalimizi dünya ölkələrinin əhalisi ilə müqayisə etsək, Azərbaycanda ildə orta hesabla 490-a yaxın insanın zəhərlənmədən öldüyünü görərik. Əlbəttə, bunun arzusunda deyilik. Lakin Azərbaycanda zəhərlənmədən ölənlərin sayı Qida Təhlükəsizliyi Agentliyi yaranana qədər, 2-3 nəfər olaraq göstərilirdi. Bunun da səbəbi o idi ki, insanların sağlamlığının keşiyində duran və qidalara təhlükəsizlik sertfikatı verən eyni orqan olub – Səhiyyə nazirliyi. Əgər səhiyyə işçisi insanın hansı qidadan zəhərləndiyini yazsaydı, onda qida istehsalçısı əlindəki sertfikatı təqdim edəcəkdi ki, bunu sən vermisən. Maraqlar konflikti var: eyni bir orqanın əlində iki funksiya birləşəndə belə olur. Təəssüf ki, bu gün Qida Təhlükəsizliyi Agentliyində də funksiyalar birləşib. Qidaların təhlükəsizliyinə də, sertfikat verilməsinə də eyni orqan nəzarət edir”.
E.Hüseynov qeyd edib ki, bu funksiyanı ayrı-ayrı orqanlar yerinə yetirməlidir:
"Sertifikat verən tam müstəliq olmalı, qidaların təhlükəsizliyinə cavabdehlik etməli, insan ölümləri, zəhərlənmələr olanda məsuliyyət daşımalıdır. Bu məsələ hələ də həll olunmamış qalır. Qidadan zəhərlənən, ölən insanların statistikası ciddi cəhdlə gizlədilir. Bu gün Azərbaycanda heç kəs nə qədər məhsulun istifadə müddətinin keçdiyini, həmin malın nə qədər olduğunu bilmir. Alqoritm belədir: yararlılıq vaxtı keçmiş mal istehsalçıya qaytarılır, istehsalçı da əksər hallarda onu yenidən bəzəyir, göndərir marketlərə. Xarab malların son ünvanı biz oluruq.
Əlbəttə, bir sıra qidalar risk qrupuna görə birinci yerdə dururlar. Burada göbələklər, konservlər, konservləşdirilmiş mallar və s. var. Ona görə evdə konserv bağlamağa son qoyulmalıdır. Bu, Azərbaycanın böyük qida mədəniyyətsizliyidir. Evdə şoraba bağlamaq yığışdırılmalıdır, çox təhlükəli haldır. Bazarlarda hətta plastik qablarda şorabaların satıldığını görürük. Bu yolverilməzdir, insanlar uzaq olmalıdır. Çox istəyirlərsə, sənaye üsulu ilə hazırlanmış şorabaları və ya bu cür malları almaq lazımdır. İstehlakçılar konservlərdə və konservləşdirilmiş malların qapaqlarında qalxma görürlərsə, almaqdan imtina etməlidirlər. Yaxud dükana girən zaman pis qoxu hiss edilirsə, bu o deməkdir ki, sahibkar soyuducuları elektrikdən ayırıb, ərzaq malları, həmçinin konservlər risk altındadır. Əhali bilməlidir ki, tez zəhərlənmə verən mallar içərisində balıq konservləri, göbələklər və s. birinci yerdə durur”.