İran yük maşınlarının Qarabağa qanunsuz yük daşımaları ilə başlayan gərginliyi Tehran səngitməyə deyil, körükləməyə köklənib. İranın radikal meylli dindarları önə verilib və onlar hətta tarixi qonşuları ilə hədə dilində danışmaqdan belə çəkinmirlər.
Cənub qonşumuzun Azərbaycandakı keçmiş səfiri Mohsen Pak Ayinin diplomatik missiyanın saytında dərc olunan məqaləsində də ittihamlar var. İranlı diplomat hesab edir ki, bəzi transregional oyunçular, etnomərkəzçilər və onlara bağlı KİV-lər son həftələrdə iki ölkə arasında münasibətlərin zəifləməsi məqsədilə anlaşılmazlıq yaratmağa çalışıblar.
“Təəssüf ki, bəzən Azərbaycan Respublikasının bəzi az sayda kütləvi informasiya vasitələri bu oyunun yoluna çıxıblar və əsaslandırılmamış xəbərləri dərc etməklə düşmənə fürsət veriblər ”, - deyə diplomat gileylənib.
Bununla yanaşı, o, aşkar faktı - İran yük maşınlarının Qarabağa yük daşımalarını inkar etməyə çalışıb.
“İran hakimiyyətinin dəfələrlə inkar etdiyi, bu ölkənin yük maşınlarının Qarabağ regionunda olması problemi həmin KİV-lərin iki ölkə arasında münasibətlərin zəifləməsinə yönəlmiş cəhdlərindən biridir. Bu təkrarlanan xəbərlərə istinadların əksəriyyəti kiberməkanda dərc edilmiş, etibarsız və xəbər dəyəri olmayan kontentə aiddir. Başqa sözlə, qeyri-formal və qeyri-hökumət kanallarından sitat gətirilməsi və iki ölkə arasında münasibətlər əleyhinə təbliğat əsasən bədxahlar tərəfindən ortaya çıxır və iki ölkə arasında artan münasibətlərin xeyrinə deyil”, - Mohsen Pak Ayin yazır.
Mohsen Pak Ayin hesab edir ki, münasibətləri Azərbaycan mediası korlayır: “Azərbaycan Respublikasının dost və qardaş hökumətinin ölkənin kütləvi informasiya vasitələri üzərində öz nəzarətini gücləndirəcəyi və strateji münasibətlərin pozulmasına yol verməmək üçün hər iki tərəfin iki dövlət arasında dostluq münasibətlərinə qayğı göstərəcəyi gözlənilir”.
İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra münasibətlərdə artan gərginlik şübhəsiz ki, həm də Tehranda hakimiyyətdaxili mübarizənin nəticəsidir.
Rəisinin yeni hakimiyyətinə Azərbaycan kimi tarixi qonşusu ilə üz-üzə gəlməsinin hansı “faydaları” ola bilər? İranı coşduran, “şir”ə döndərən səbəblər nədir?
Siyasi analitik Kənan Rövşənoğlu gərginliyin artmasında tərəflərin maraqlı olmadığını düşünür: “Ərdəbilin imam-cüməsi din xadimi olmaqla yanaşı siyasi statusu var. Dini liderin Ərdəbil vilayəti üzrə rəsmi təmsilçisidir. Onun sözlərini bir formada İran siyasi-dini hakimiyyətinin mövqeyi hesab etmək olar. Hazırda iki ölkə arasında münasibətlərdə soyuqluq var. Bu, zaman-zaman olan gərginliklərdən biri də hesab oluna bilər. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış yeni hərbi-siyasi reallıq var və bu reallıq Tehranı o qədər də qane etmir. İranlı sürücüləri ilə bağlı qalmaqal və hərbi təlim xəbərləri - baxmayaraq ki, rəsmi olaraq İranın təlimləri barədə mediada nəsə yoxdur - bu narahatlıq-narazılığın üzə vuran elementləridir. Ancaq bu dəfə mesajın Ayətullah Amili tərəfindən çatdırılması, təlimlərlə bağlı rəsmi mediada hər hansı xəbərin olmaması göstərir ki, Tehran da məsələnin şişməsini istəmir. Güman edirəm ki, yəqin yaxın günlərdə Bakıdan Tehrana və ya Tehrandan Bakıya diplomatik heyət gedəcək və aradakı sual doğuran, narahatlığa səbəb olan məsələlər müzakirə olunacaq. Çünki rəsmi Bakı da İranla münasibətlərin düşmənçilik səviyyəsinə yüksəlməsini istəmir, İran rəsmi mediasının mövqeyinə baxanda bu hiss olunur. Hər iki ölkənin qarşılıqlı olaraq bir-birindən tələbləri var. Amma münasibətlərin pisləşərək düşmənçilik səviyyəsinə yüksəlməsini heç bir tərəf istəmir. Düşünürəm ki, bu mövzunu imam-cümənin alleqorik ifadəsi üzərindən şərh etmək və siyasi şərhləri bu çıxışın üzərində qurmaq naşılıqdır”.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı İranın davranışları ilə bağlı bir sıra səbəblər açıqladı: “İran 50 milyonluq odla oynayır. Molla rejimi unutmamalıdır ki, İranda yaşayan 40 milyondan artıq soydaşımız hər an çox ciddi etiraz aksiyaları keçirə bilər. Bir qəzetdə gedən yazıya milyonlarla soydaşımız etiraz etdi. Bu gün müasir dövrdə yaşayırıq. Hər kəs gün ərzində baş vermiş hadisələri yaxından izləyir. Bizə bəllidir ki, İran 30 ildir ki, Ermənistana çox böyük dəstək verir. Demək olar ki, Rusiyadan sonra Ermənistana ən böyük dəstəyi İran verir. Bunun tarixi səbəbi var. İran 200 ilə yaxındır ki, Bütöv Azərbaycanı iki hissəyə parçalayıb, milyonlarla soydaşımızın bütün hüquqlarını əlindən alıb. Bax, İranın ermənilərə dəstək verməsinin kökündə bu fakt dayanır. İran qorxur ki, Cənubi Azərbaycan da öz müstəqilliyini qazana bilər və belə olduğu təqdirdə, 60 milyonluq Bütöv Azərbaycan bərpa oluna bilər. Bunun baş verməməsi üçün Azərbaycanın düşməni Ermənistana ən böyük dəstəyi verirlər. İran mollalarının Azərbaycanı hədələməsi, təhdid etməsi milyonlarla soydaşımızın narazlığına səbəb olur. Biz bunu sosial şəbəkələrdə də görürük. İranın açıq təhdidi isə Azərbaycanın Qafan-Görus yolunda qeyri-qanuni İran maşınlarının səfərlərinin qarşısını almasından sonra başladı. Cənab Prezident İlham Əliyev hər zaman İranın ərazi bütövlüyünü dəstəklədiyini, ABŞ-la münasibətlərində qonşuluq dostluq siyasətinə üstünlük verməsinə baxmayaraq, İran daxilində olan Azərbaycana antipatiyasını gizlədə bilməyib. 30 ildə işğal altında qalan ərazilərimizin viran olunmasında, məscidlərimizin, abidələrimizin dağıdılmasında İran Ermənistana hər cür dəstək verib. Molla rejimi unutmamalıdır və yaxşı bilməlidir ki, 50 milyonluq od hər an onları kül edə bilər”.
Günün sonunda isə məlum olub ki, İran xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur Bakıya gələcək.
İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iranlı rəsmi İran, Azərbaycan və Türkiyənin araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün Bakıya üç günlük səfər edəcək.
Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycanın bəzi rəsmiləri ilə də görüşəcək.
“Yeni Müsavat”