Bu gün Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. Hurriyyet.az xəbər verir ki, iclasda federasiyanın baş katibi Elmar Babanlı, Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak edib.
Onu da qeyd edək ki, kişilərdən ibarət cüdo millimizin Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli komandadan göndərilib. Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq isə müvəqqəti olaraq gənclərdən ibarət millinin baş məşqçisi Elçin İsmayılova tapşırılıb.