Koronavirus infeksiyası dünyada öz mövcudluğunu qorumağa, yeni variantlara mutasiya olmağa davam edir.
Yoluxma sayına görə dünya miqyasında 5-ci pillədə yer alan Rusiyada son bir sutka ərzində 23 962 yeni yoluxma halı qeydə alınıb. Bununla da ölkədə ümumi təsdiqlənən yoluxma hallarının sayı 5 682 634-ə çatıb.
İyulun 1-də Rusiyada bəlli olub ki, ağciyərlərin süni ventilyasiya aparatına qoşulmuş demək olar ki, bütün koronaviruslu xəstələr “Delta” ştammı ilə yoluxublar.
Türkiyədə isə koronavirusla bağlı vəziyyət Rusiyadan geri qalmır. Belə ki, Türkiyədə dünən 37 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə isə virus yayılmağa başlayandan bu yana 49 996 nəfər həyatını itirib. Dünən qonşu ölkədə 5 299 yeni yoluxma sayı qeydə alınıb. Bununla yanaşı, Türkiyədə “Delta ştammı” yayılmaqda davam edir. Türkiyənin 30 vilayətində “Delta ştammı aşkarlanıb. Yoluxma sayı isə 284-dür.
Bütün bunlardan əlavə, Türkiyədə koronavirusun “Delta plus” ştammı aşkarlanıb. Belə ki, 3 fərqli vilayətdə yaşayan 3 nəfərdə “Delta plus” ştammı qeydə alınıb. “Delta plus” ştammına yoluxan şəxslərdən biri İstanbuldadır. Digər iki nəfərin harada yaşadığı açıqlanmayıb.
Gürcüstanda da yoluxma halları günü-gündən artmaqdadır. Dünən bu ölkədə 1392 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər isə dünyasını dəyişib.
Pandemiya başlayandan bu günə qədər isə Gürcüstanda ümumi olaraq 372 685 yoluxma faktı təsdiqlənib. Burada da koronavirusun hind ştammı yayılmaqda davam edir. Son məlumatlara əsasən, 52 nəfər koronavirusun bu ştammına yoluxub.
Qeyd edək ki, Gürcüstanda ilk dəfə hind ştammı ilə yoluxma 27 mayda qeydə alınmışdı.
Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilk dəfə Hindistanda aşkarlanan “Delta” ştammı dünyanın təqribən 100 ölkə və regionunda aşkar olunub.