hemle

Azərbaycan-Türkiyə müttəfiqliyində yeni nəfəs – Gənclər üçün yol xəritəsi

Tarix:17-06-2021, 08:37
Baxış Sayı:255

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Bəyannaməni Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Müqavilədə bir çox mühüm məqamlar öz əksini tapıb ki, onlardan ən vacibi hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardımla bağlı əldə olunan razılaşmadır. Sənəddə qeyd olunur ki, belə vəziyyətlərdə tərəflər birgə məsləhətləşmələr aparacaq və tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar verəcəklər. Eyni zamanda Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş formada birgə fəaliyyəti təşkil olunacaq.

Bununla yanaşı, bəyannamədə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri də qeyd olunub. Bu sırada ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı, kiber təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, təhsil, gənclər, media və s. göstərilə bilər.

Azərbaycan və Türkiyə gənclərinin Bakıda təşkil edilən forumu da bu xüsusda diqqətdən yayına bilməz. Hər iki dövlətin aparıcı gənclərinin iştirakı ilə təşkil olunan forumda gələcək əməkdaşlığın konturları müəyyən edilib.

Bu məqamda xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu kimi, gənclər sahəsində də uzun illərdir əməkdaşlıq mövcuddur. Təkcə son bir ildə bu istiqamətdə ciddi layihələr həyata keçirilib. Ötən ilin noyabrında Türkiyə Gənclər Fondu (TÜGVA) təmsilçiləri ilə əldə edilən razılaşmalar, qarşılıqlı səfərlər, tələbə mübadiləsi və s. bu qəbildəndir.

Hazırda Bakıda olan “Genç Uluslararası İlişkiler” Dərnəyinin sədri Gökcenur Ataman AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan ilə Türkiyə arasında imzalanan müttəfiqlik sazişi çox mühüm tarixi hadisədir: “Şuşa Bəyannaməsi münasibətlərimizin yeni dövrdə yol xəritəsini müəyyənləşdirdi. Şübhəsiz tarixdə iz qoyan bir razılaşmadır. Ticarət-iqtisadi-sosial münasibətlərdə, habelə gələcəyə istiqamətlənmiş və qarşılıqlı faydalı sahələrdə müştərək istehsalın yaradılması üçün milli iqtisadiyyatların və ixracatının şaxələndirilməsi üçün səylərimizi artırmalıyıq. Eyni zamanda gənclərimiz arasında əməkdaşlığın dərinləşdirilməsi bu bəyannamədə öz əksini tapıb. Türkiyə və Azərbaycan gəncləri bu tarixi razılaşmanın vacibliyini anlamalıdırlar. Bu gün tarixdən bizə miras qalan yolun davamlı olması üçün gənclərimiz ortaq fəaliyyət göstərməli, öz səylərini bidləşdirməlidir”.

“Bölgənin və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz yataqları marşrutunu təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə ilə Azərbaycanın önəmi xüsusi vurğulanır. Cənub Qaz Dəhlizinin səmərəli istifadəsi və daha da inkişafı üçün səylərimizi gücləndirməliyik. Bundan əlavə, qlobal enerji sektorundakı inkişafları nəzərə alaraq, bölgənin enerji təchizatı təhlükəsizliyini gücləndirmək üçün elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səyləri artırmalı və davam etdirməliyik. Bütün bunlar gənclərin iqtisadi sahədə, o cümlədən enerji mövzusunda daha dərin biliklər əldə etməsini qaçılmaz edir. Biz artıq ənənəvi fəaliyyətdən daha peşəkar müstəviyə keçid etməli və peşəkarlıq vərdişlərimizi də artırmalıyıq” – deyə həmsöhbətimiz bildirib.

Ataman hesab edir ki, enerji sektorunda çalışacaq istedadlı gəncləri yetişdirməyin və insan resurslarına investisiya qoymağın məqamı çatıb: “Hər iki ölkənin ərazilərindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün qarşılıqlı əməkdaşlığı gücləndirməyi nəzərdə tuturuq. “Genç Uluslararası İlişkiler” Dərnəyi olaraq, qardaş ölkənin qeyri-hökumət təşkilatları ilə imzaladığımız protokollarda Azərbaycan və Türkiyədəki gənclər arasında bir körpü rolunu öz üzərimizə götürdük.”.

“İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı da AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə gəncləri arasında münasibətlərin tarixi qədimdir: “Mənim özüm Türkiyənin nüfuzlu universitetlərindən olan İstanbul Aydın Universitetində Beynəlxalq Tələbələr Birliyinin sədri olmuşam. Təsadüfi deyil ki, bu gün Azərbaycandan xaricə açılan qapı Türkiyədən başlayır. Məhz qardaş ölkədə aktiv ictimai fəaliyyətlə məşğul olan gənclər bundan sonra yolunu digər Avropa dövlətlərindən salırlar”.

“Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsinin imzalanması olduqca mühüm hadisədir. Bu, münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə hərtərəfli dəstəyi bizim tarixi qələbəmizi şərtləndirən əsas amillərdən oldu. Biz bu qələbəni birlikdə qazandıq. Təbii ki, güclənən Azərbaycan-Türkiyə münasibətləri bizi sevməyən dairələrə də ciddi mesajdır. Artıq hər kəs qəbul edir ki, nə qədər ki, Türkiyə var, Azərbaycanı, nə qədər ki, Azərbaycan var, Türkiyəni təkləmək olmayacaq”, - deyə o vurğulayıb.

İGİB sədrinin sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsində gənclər təşkilatları arasında əlaqələrin inkişafına dair xüsusi bənd var: “Cənab Əliyev və cənab Ərdoğanın imzaladığı bu sərəncam biz gənclər üçün yol xəritəsidir. Bu gün keçirilən Azərbaycan və Türkiyə gənclərinin forumu və forum zamanı səslənən arqumentlər bir daha təsdiq edir ki, qarşıda görəcəyimiz işlər çoxdur. Çünki müharibə hərbi müstəvidə başa çatsa da, digər cəbhələrdə davam edir”.

“Xüsusən sosial medianın dünya miqyasında əhəmiyyəti artıb. Bu əsnada biz informasiya, diaspor və digər sahələrdə əməkdaşlığımızı dərinləşdirməliyik. Xaricdə təhsil alan və özünü türk sayan hər bir gənc Türk Dünyasının həqiqətlərini dünyaya yaymalıdır. Forumda bununla bağlı çox ciddi qərarlar qəbul edildi. Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatları birgə əməkdaşlıq barədə razılığa gəldilər”, - deyə Şahbazlı söyləyib..

Müsahibimiz əlavə edib ki, Azərbaycan və Türkiyə artıq bir ailədir və ailəmizi qorumaq hər kəsin borcudur: “Təbii ki, Azərbaycanla Türkiyə arasında mütəffiqlik sazişi bəzi dairələrdə qısqanclıq hissi yaradacaq. Müəyyən təzyiqlərin və təxribatların olması istisna deyil. Bu səbəbdən hər birimiz ayıq-sayıq olmalı, ailəmizə uzanan əlləri kəsməliyik”.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?